08.09.2024, 07:13
AZ EN
05.10.2023, 13:08 327

Xankəndiyə komendant təyin edildiyi bildirilən Qalstyan ailəsi ilə birlikdə...

XƏBƏRLƏR

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərdən sonra Azərbaycanın bölgədə suverenliyinin bərpası istiqamətində mərhələli şəkildə mühüm addımlar atılır. Bölgə tamamilə Azərbaycan ordusunun tam nəzarətinə keçdikdən sonra idarəetmənin təşkili, qanunvericiliyin tələblərinə uyğun nizam-intizamın bərpası üçün önəmli tədbirlər görülür. Bu sırada Xankəndi və digər ərazilərdə inzibati idarəçiliyinin təşkili və səmərəli və çevik idarəetmənin qurulmasına yönəlik addımlar xüsusilə diqqət mərkəzindədir.

“Vətən səsi” xəbər verir ki, bir neçə gündür mediada və sosial şəbəkələrdə Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndi şəhərinə  komendant təyin edildiyi barədə məlumatlar yayılır. Son iki gündə isə erməni mətbuatı da bu məlumatın doğruluğunu təsdiqləyir və bildirilir ki, Qalstyanın Xankəndiyə komendant təyin edilməsi Azərbaycan və Rusiyanın bölgədəki sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılıb.

Erməni jurnalist Tatul Akopyan özünün “Facebook” səhifəsində yazıb ki, hazırda Qarabağda yaşayan Qalstyan Azərbaycan hökumətinin reinteqrasiya çağırışlarını dəstəkləyir və o, rəsmi Bakının Xankəndi nümayəndəsi kimi fəaliyyət göstərməyə razılıq verib.

“AzadlıqRadiosu”nun erməni xidməti də yayılan informasiyanı araşdırarkən bəzi mühüm məqamları aydınlaşdıra bilib. Məlum olub ki, Sarkis Qalstyan həqiqətən də Qarabağı tərk etməyib və ailəsi ilə birlikdə Xankəndidə qalıb. Bildirilir ki,  Qarabağdan Ermənistana köçən yaxınları ilə müntəzə şəkildə əlaqə saxlayan Sarkis azərbaycanlılarla əməkdaşlıq etdiyi barədə məlumatların doğru olmadığını söyləyib.

“Sarkis Qalstyan Qarabağ separatçılarının keçmiş qondarma “parlamentinin deputatı” olmuş David Qalstyanın əmisidir. Qohumlarının dediyinə görə, o, Ermənistandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışır. Amma David Qalstyan əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumata malik deyil. Əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək”, - deyə, “AzadlıqRadiosu”nun erməni xidməti bildirir.

Məqalədə o da qeyd olunur ki, David Qalstyan əmisini sonuncu dəfə sentyabrın 28-də görüb. Bu isə Qarabağda yaşayan ermənilərin bölgənin tərk etməsinin son günlərinə təsadüf edir. “Azatutyun” yazır ki, həmin vaxt Sarkis Qalstyan Qarabağda evakuasiyanın təşkilində şəxsən iştirak edib.

Xatırladaq ki, Sarkis Qalstyan 35 il erməni separatçılarının nəzarətində olan Xankəndidə müxtəlif “vəzifələrdə” çalışıb. O, Birinci Qarabağ müharibəsi dövründə qanunsuz erməni hərbi birləşmələrin tərkibində Azərbayacana qarşı əməliyyatlarda iştirak edib. Bir müddət separatçı rejimin Şuşadakı nümayəndəsinin müavini, daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” çalışıb.

Azərbaycanın rəsmi qurumları Sarkis Qalstyanın Xankəndiyə komendant təyin olunmasına və ya onun əməkdaşlığa cəlb olunmasına dair münasibət bildirməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər