22.11.2024, 21:29
AZ EN
29.09.2023, 14:42 321

Gözün aydın olsun, professor...

XƏBƏRLƏR

Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən!

Bu gün şair, filologiya elmləri doktoru, professor Famil Mehdinin anım günüdür. O, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Onun ilk şeiri 1951-ci ildə "Lenin yolu" adlı rayon qəzetində çapdan çıxıb. Bundan sonra şairin mətbuatla əlaqələri daha da  sıxlaşıb. Publisistik yazılarla çıxış etməyə, daha çox şeirlər yazmağa başlayıb.

Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir.

Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.

Famil Mehdi şeirlərini tәrcümeyi-halı kimi qələmə verirdi. “Şeirlərim mənim inamımdır, mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir” söyləyirdi.

Doğmalarının yaddaşında istiqanlı bir insan kimi qalan professor Famil Mehdi BDU-da çalışdığı illərdə həmişə yurdundan didərgin düşmüş, imkansız tələbələrə dəstək olub, hətta onları evlərinə dəvət edərmiş. Famil müəllim bir ziyalı kimi də həmişə haqqın, ədalətin tərəfində olub.    

Əsl ziyalı, dəyərli insan, gözəl şair Famil Mehdi 2003-cü il sentyabrın 29-da Qarabağ həsrətilə Bakıda vəfat edib. Bu gün şairin anadan olduğu  Ağdam ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və güclü ordumuzun sayəsində işğaldan azad edilərək, yenidən əvvəlki şöhrətinə qaytarılır. Gözün aydın olsun, Famil Mehdi!

Mina RƏŞİD

Oxşar xəbərlər