Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.
Videoçarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini qeyd ediblər. Videolayihə əsasında çəkilişlər davam etdirilir.
Növbəti videoçarxda Zəngilan rayon sakini Dildar Kərimova və yeniyetmələr təəssüratlarını bölüşüblər. Dildar Sadıq qızı Kərimova Zəngilan rayonunun Muğanlı kəndində dünyaya gəlib. Hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb, buradakı Zəngilan rayon 14 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
Dildar xanım deyib: “Ali məktəbi bitirdikdən sonra bu məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Çalışırıq ki, şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə edək. 44 günlük Vətən müharibəsi gənclərimizin necəvətənpərvər olduğunu sübuta yetirdi. Biz çalışdığımıza nail olduq, torpaqlarımız işğaldan azad edildi. Bizim böyüdüb tərbiyə elədiyimiz, vətənpərvərlik ruhu aşıladığımız uşaqlar torpaqlarımızı azad etdilər. Başda Ali Baş Komandan olmaqla... Məqsədimiz işğaldan azad olmuş torpaqlarımıza getmək, orda fəaliyyətimizi davam etdirmək, yenə övladlarımızı, xalqımızın balalarını vətənpərvərlik ruhunda böyütməkdir. Sevə-sevə orda işləyəcəyik. Bu bizim ən böyük arzumuzdur. Bizim məktəbimiz məcburi köçkün məktəbidir və burda təhsil alan uşaqların əksəriyyəti məcburi köçkündürlər. Onların da hamısı sevə-sevə ora qayıtmaq istəyirlər”.
Dildar xanımın şagirdlərindən Vəfa, Nihad, Arzu, Tural fikirlərini bildirib, doğma yurda qayıtmaq istəklərini ifadə ediblər. Vəfa deyib: “Orda əsgərlərimiz can qoyub ki, biz o torpaqlara geri qayıdaq. Mənim də ən böyük xəyallarımdan biri ora qayıdıb təhsilimi davam etdirməkdir”.
Dildar xanım, məcburi köçkünlərin otuz illik həsrətinə son qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın güclü Ordusuna, Azərbaycan xalqına şagirdləri ilə birlikdə təşəkkür edib. “Bizə bu sevinci yaşadanların qarşısında baş əyirik,” – deyib.
Sevda SÜLEYMANOVA