Rüstəm Tovuz hadisələrini və general-mayor Polad Həşimovun şəhid olmasını düşmənə, həm də özünə bağışlaya bilmirdi. Ona görə də 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etdi. O, Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaətlər göstərdi. 2020-ci il oktyabrın 15-də Ərgünəş dağı yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhadətə ucaldı.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Abşeronda torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rüstəm Fərman oğlu Turabov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
2021-ci ilin mayın 5-də Abşeron rayonunun Güzdək qəsəbəsində şəhidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa edilib.
Atası deyir ki, döyüşlərdə oğlum bir qəhrəman kimi düşmənin qorxulu yuxusuna çevirilib. O bir sıra ağır tapşırıqların icra olunmasında ön cərgədə yer alıb.
Rüstəm hələ uşaq olarkən "Mən Qarabağın azadlığı uğrunda vuruşacam və şəhid olacam", - deyirdi.
22 yaşında adını Şanlı Zəfər tariximizə qanıyla yazan Rüstəm Turabovun xatirəsi qan yaddaşımızdan heç vaxt silinməyəcək və həmişə bir qəhrəman kimi adı, amalı gəncliyimizə bir nümunə olacaq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Rüstəm balamız!
Mina RƏŞİD