02.08.2025, 08:43
AZ EN
02.02.2024, 11:35 417

Laçın şəhərindəki məktəbdə şagirdlərin sayı ilin sonunda 200-ü keçəcək

XƏBƏRLƏR

“Böyük qayıdış” proqramı çərçivəsində doğma yurdda yenidən qurulan daha bir məktəb - Laçın rayon 2 nömrəli tam orta məktəb bu ilin ikinci yarısında əlavə şagirdlər qəbul edəcək. 2023/2024-cü tədris ilinin əvvəlində bununla bağlı hazırlanmış planların icrasına başlanıb.

"Vətən səsi" xəbər verir ki, bunu məktəbin direktor müavini Şəbnəm Uğurlu bildirib. O, deyib ki, keçmiş məcburi köçkünlər doğma yurduna qayıtdıqca məktəbdə təhsil alan şagirdlərin də sayı artır: “Hazırda məktəbimizdə 98 şagirdi təhsil alır. İlin sonuna şagirdlərin sayının 200 nəfəri keçəcəyi proqnozlaşdırılır. Biz bu hesablamaları ilin sonunadək Laçına köçürüləcək əhalinin sayına uyğun olaraq aparırıq”.

Direktor deyib ki, məktəbin şagirdləri həm də Laçına işləməyə gələn ailələrin övladlarıdır: “Şagirdlərimiz həm də məktəbimizdə əmək müqaviləsi ilə çalışmağa başlayan işçilərimizin uşaqlarıdır. Artıq onlar da Laçın sakinləridirlər”.

Xatırladaq ki, prezident İlham Əliyev Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri ilə bağlı hələ 2022-ci il sentyabrın 22-də müvafiq sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq, həmin ilin dekabrında məktəbin düşmən tərəfindən dağıdılmış binasının yenidən qurulmasına başlanılıb. Laçın şəhəri işğaldan azad olunduqdan sonra yenidən qurulan 2 nömrəli tam orta məktəbin açılış mərasimi  ötən il avqustun 25-də olub. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

2023/2024-cü dərs ilinin əvvəlində 60 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 98 şagirdin təlim və tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəbin pedaqoji kadrlara olan tələbatı bərpa və yenidənqurmadan sonra Laçına köçən şəxslər hesabına ödənilir. Bu il ilk dəfə olaraq həmin təhsil ocağında buraxılış və qəbul imtahanları da keçiriləcək. Bu isə o deməkdir ki, “Böyük qayıdış” proqramı çərçivəsində doğma yurdda fəaliyyətə başlayan Laçın şəhər 2 nömrəli tam orta məktəbi qarşıda daha bir neçə uğurlu nəticələr gözləyir.

Elxan SALAHOV

Oxşar xəbərlər