Tədbirdə qəhrəmanın ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, filmin rejissoru Elşən Zeynallı, şəhid ailələri, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə RİH-nin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlayıb, Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıb.
Qəhrəmanın oğlu C.Rzayev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub.
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Ruhu şad olsun!
Mina RƏŞİD