Tədbirdə şirkətin rəhbəri Nigar Əli-yeva və məktəb-liseyin direktoru Gülşən Orucova şəhid ailələrinə dərin hörmət və ehtiramlarını dilə gətirdilər. Qeyd edildi ki, 6 saylı məktəb-liseyin hər bir sinifinə qəhrəman şəhidlərimizin adları verilib.
Layihə rəhbəri Lalə Məmmədova layihə haqqında ətraflı məlumat verərək, təqdim olunan kitabın “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilən sosial layihənin yekunu kimi ərsəyə gəldiyini və əsas məqsədin İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları və xanımları üçün artterapiya yolu ilə psixoloji təlimlərin təşkilindən ibarət olduğunu bildirdi.
Tədbirdə kitabın əsrəyə gəlməsində böyük rolu olan uşaq yazıçısı Sevinc Nuruqızı və kitabın tərtibatçılarından olan Yaqut Mustafayeva çıxış edərək, uşaqların xatirələri haqqında təəssüratlarını paylaşdılar. Kitabın ayrıca bir bölümü atası haqqında heç bir xatirəsi olmayan körpə şəhid övladlarına həsr edilib.
Sonda şəhid övladlarına kitablar və sertifikatlar təqdim olundu. “Kiçik ürəklərdə böyük xatirələr” kitabı hər bir Azərbaycan vətəndaşının gələcəyi naminə canından keçən qəhrəman hərbçilərimizə və onların əmanətlərinə göstərilən qayğının kiçik nümunəsidir. Qəhrəman şəhidlərimiz övladlarının ən xoş xairələri ilə daim qəlbimizdə yaşayacaqlar.
Mina RƏŞİD