Çingiz 2001-ci ildə Mistan kənd natamam orta mətəbinin 1-ci sinfinə gedib. Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olub. Kollecin II kursunda oxuyarkən, 2018-ci il oktyabr ayının 3-də Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Cəmilli kəndində yerləşən hərbi hissəyə göndərilib.
Çingiz anadangəlmə böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün xidmətdə olduğu dövrdə Mərkəzi Hərbi Klinik Hospitalında əməliyyat olunub 10 gün müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıdıb.
Çingiz 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaət və qəhrəmanlıq göstərib. Oktryabrın 10-da döyüş zamanı yaralanan hərbçi yoldaşını xilas etmək üçün öz zirehli jiletini çıxararaq ona geyindirib yarasını sarıyarkən yaxınlığa düşən qəlpə zərbəsindən şəhid olub. Onun canı bahasına xilas etdiyi hərbçi indi qazidir...
Şəhidimiz doğulduğu Lerik rayonu Mistan kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılıb...
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Döyüşdə olarkən Çingizin anasından istəyi bu olub ki, Şəhid olduqdan sonra başdaşına şeir həkk edilsin. Bir də, tələbə yoldaşından xahiş edib ki, o şəhid olarsa sevdiyi qrup yoldaşına onun sevgisini çatdırsın.
Çingiz Babayevin şəhidliyindən sonra Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən əmisi oğlu da könüllü olaraq döyüşlərə yollanıb. İlk gündən Çingizin qisasını alacağına söz verən hərbçi Şuşanın işğaldan azad edilməsi əməliyyatında da iştirak edib və şəhərdə binalardan birinin üzərinə “Çingiz Mistan” sözlərini yazıb.
Çingizin anası Sevinc xanım epilepsiya xəstəsidir, atası Sulduzun isə anadangəlmə psixoloji problemləri var. Yeganə oğullarını itirəndən sonra ailənin çətinlikləri lap artıb. S.Babayeva deyir ki, hər dəfə övladlarının məzarını gördükcə yaşamaq onun üçün daha da çətinləşir. Amma Vətən müqəddəsdir.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Çingiz balamız!
Mina RƏŞİD