El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, dogma Vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Bu səhər böyük şairimiz S.Vurğunun o möhtəşəm misraları qəlbimdə qanadlandı. Ondan ki, bu bənzərsiz parçanı bir vaxt ulu öndərimiz, Heydər Əliyev bütün qəlbi ilə Vətən sevgisindən yaranan ağır, kövrək, unudulmaz səsiylə söyləmişdi. Bu elə bir çıxışdı ki, illər, qərinələr ötsə də, hər onu dinləyəndə sən də kövrəlirsən və Vətəni, bütün Azərbaycanı qucaqlamaq istəyirsən. Bəli, bu gün bizə bir daha belə gözəl anları yaşadan, o səsin sahibi millətinə, xalqına verdiyi töhfələrə görə “müstəqil Azərbaycanın memarı” adını qazanmış dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin doğum günüdür.
Azərbaycanın taleyinə yazılmış bu dahi şəxsiyyət hələ hakimiyyətə gəlməmişdən əvvəl də, dogma yurdunun xoşbəxt gələcəyini düşünürdü. Hakimiyyət illərində isə o, böyük arzularını həyata keçirməyə başladı... Həmişə islahatçı oldu, milli kadrların yetişməsinə böyük zəmin yaratdı. Xalqla bir arada oldu həmişə. Onun ölkənin ailmləri, ziyalıları, ədəbiyyat və mədəniyyət xadimləri ilə apardığı söhbətlər, diskussiyalar unudulmazdı. Doğru deyiblər ki, görünən dağa nə bələdçi?!. Onun əməlləri, çıxışları, verdiyi qərarlar, ölkə vətəndaşına diqqət və qayğısı tərif deyil, həqiqətdi.
Bu dahi şəxsiyyət Vətənin bir parçası olan gözəl Qarabağı, bənzərsiz Şuşamızı çox sevərdi. Bu sevgi təkcə sözdə deyil, onun əməllərində də öz əksini tapmışdı. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Qarabağa, xüsusilə Şuşaya böyük diqqət göstərmiş, onun hər daşına, qayasına, necə deyərlər, sığal çəkmişdi… Çünki, o belə deyirdi: “Şuşa Azərbaycanın əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir abidədir.”
Qarabağın, Şuşanın gözəlliyi isə həmişə düşmən gözünə ox olub. Elə ona görə də zaman-zaman özlərinə havadar tapan kimi nankor qonşularımız dogma torpaqlarımıza sahib olmağa çalışıblar. Ümumilli Liderimiz hakimiyyətə gəldikdə Qarabağın, Şuşanın uçub-dağılmış binalarının, evlərinin, abidələrinin bərpası üçün sərəncamlar imzalayıb və özü şəxsən bütün işlərə nəzarət edib. Həmin illərdə bu böyük şəxsiyyətin iradəsi ilə düşmənin yeni həmlələrinin qarşısı alınıb. İllər sonra taleyin hökmü ilə Qarabağ, Şuşa Heydər Əliyevin də həsrətinə çevrilib. O, evindən-eşiyindən didərgin düşmüş həmvətənlərinə, sözün həqiqi mənasında, ürəyinin qapısını açıb. Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdən çıxarmamağı, onları daha artıq incitməməyi bir tapşırıq olaraq məmurlara bəyan edib.
Bəli, Qarabağ, Şuşa həsrətindən artıq 28 il vaxt ötmüşdü. Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra torpaqlarımızın azadlığı uğrunda daim mübarizə apardı və hələ də bizə möcüzə kimi görünən möhtəşəm ordumuzu yaratdı. Elə bu yenilməz ordu ilə biz 2020-ci ilin 8 noyabrında haqq savaşında qalib gəldik. Və gün o gün oldu ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev çıxışlarının birində belə söylədi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Düşünürəm, bu gün həqiqətən də, ulu öndərimiz, böyük azərbaycanlı Heydər Əliyevin ruhu şaddır. Allah bu böyük, unudulmaz İnsana rəhmət eləsin, məzarı nurla dolsun!
Mina RƏŞİD
Ağdam rayonundan məcburi köçkün