Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Taleh Xanmurad oğlu Babayevin doğum günüdür. O, 1986-cı ildə dekabrın 2-də Quba rayonunda anadan olub. 1993-cü ildə Quba rayon İsnov kənd orta məktəbinin 1-ci sinfinə gedib, 3 il orada oxuduqdan sonra təhsilini Quba şəhər 2 saylı tam orta məktəbində davam etdirib və 2003-cü ildə təhsilini başa vurub. Yanvarın 1-i 2005-ci ildə Quba rayon Hərbi komissalığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Evli idi. 4 övladı Vətənə yadigar qalıb. Ölümdən sonra bir oğlu dünyaya gəlib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Taleh Babayev Fizuli və Şuşa döyüşlərində savaşıb.
6 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Yeni Güləzi kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Taleh Babayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD