- “Əzəli Azərbaycan torpağı olan Xankəndidə anadan olmuşam. Orta və ilk ali təhsil illərim, uşaqlığım və gəncliyim burada keçib. Xankəndiyə sonradan köçürülüb burada məskunlaşan ermənilər həmişə çalışırdılar ki, azərbaycanlıları öz yurdundan sıxışdırıb çıxarsınlar. Elə buna görə də, əllərindən gələni edirdilər. Burada həmişə bizə qarşı hadisələr törədirdilər. 1967-ci ildə üç azərbaycanlı məhkəmədən çıxanda hamının gözü önündə onları yandırdılar. Hər il azərbaycanlıları müxtəlif bəhanələrlə həbs edirdilər. Bizim Əlif Hacıyev kimi Milli qəhrəmanımız Xankəndidə əsassız ittihamlarla həbs edilmişdi. O vaxt şəhər tikintisi üçün hökumətimiz pul ayırdı, ancaq ermənilər yenə erməniləşmə siyasətini aparmaq üçün memarları İrəvandan gətirmişdilər. Sonra da nələrin baş verdiyi hər kəsə məlumdur”.
Xankəndi sakini Hümbət Xudiyev deyir ki, bütün bunlara baxmayaraq və bu gün də ermənilər nə qədər tarixi saxtalaşdırmağa çalışsalar da azərbaycanlıların izini xanın kəndindən silə bilməyəcəklər. Çünki Xankəndi tarixi Azərbaycan torpağıdır və burada 1813-cü ildə azərbaycanlılardan başqa tək bircə erməni və rus ailəsi yaşamayıb...
H.Xudiyev 44 günlük Şanlı Vətən Müharibəsində qazandığımız qələbədən sonra Xankəndiyə qayıtmaq ümidinin daha da artdığını söyləyir: - “Necə ki, Qarabağa qayıtdıq. Xankəndiyə də qayıtmağımıza əminəm. Xankəndidə Vilayət Partiya komitəsinin binası var. Bax orada Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılacaq. Milli qəhrəmanımız Polad Həşimovun küçəsi olacaq...”
Əlbəttə ki, buna heç şübhəmiz də yoxdur. Çünki torpaq bizimdirsə qalibiyyət də bizim olacaq. Necə ki, bunu Şanlı Zəfərimiz və doğma torpaqlara Böyük Qayıdışımızla bütün dünyaya artıq sübüt etmişik.
Mina RƏŞİD