Şəhid Sahil Şirinovun anası:
-Mən oğlumla fəxr edirəm. Ona görə ki, bu dünya bir pəncərədir, hamımız baxıb gedəcəyik. Onlar isə əbədiyaşardırlar. Düzdür, acı verir, amma acısı da şirindir. Şəhidlik məqamı o qədər şərəflidir, mən fəxr edirəm ki, Sahil Şirinov kimi oğulun anasıyam. Bütün Sahillərə qurban olum, bütün şəhidlərin anasıyam.
Şəhid Nicat Qarayevin nənəsi, Xoşqədəm Qarayeva:
-Çox yaxşı uşaq idi Nicat, anasına ürəyi yanan idi. Onunla qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məzarları nurla dolsun. Allah qazilərimizə də rəhm eləsin, onları qorusun.
Səməd Atakişiyev, qazi:
-Həmişə gəlirik bura, tək anım günü, doğum günündə yox. Şəhidlərimizi yad eləmək bizim borcumuzdur. Qəhrəman şəhidlərimizə borcluyuq ki, onların sayəsində azad, firəvan yaşayırık, gəzirik. Hər günümüzü, ömür boyu biz qəhrəman şəhidlərimizə borclu olacağıq.
Şəhid Fərid Mehbalıyevin əmisi, Fərhad Mehbalıyev:
-Necə deyərlər, Fərid torpaq üçün, Vətən üçün hər zaman onu deyərdi ki, vaxt, zaman olacaq biz özümüz o torpaqlarımızı azad etməyə gedəcəyik. Tale belə gətirdi ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı oldu Fərid. Sərhəd qoşunlarında qulluq edirdi...
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bir əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində geniş miqyaslı təxribat törədib. Sentyabrın 13-ü və 14-ü davam edən şiddətli döyüşlərdə Azərbaycan ordusunun bölmələri böyük qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Ermənistanın təxribatına cavab əməliyyatı zamanı sərhəddə strateji yüksəkliklər nəzarətə götürülüb.
Hazırladı: Tahirə AĞAMİRZƏ