2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın Zəfər yürüşündə Saleh Səfərov da bütün bacarığı ilə müharibəyə qatılıb. Əks-hücuma başlanılan gün Piyada Döyüş Maşınında düşmənin (PDM) müdafiə xəttini ilk yaranlardan biri olub. Aprel döyüşlərindən təcrübəsi olan Səfərov Saleh müharibənin ilk günlərindən savaşda olub. O, PDM-2 ilə əks hücüma keçərkən maşını minaya düşüb. Qəhrəman döyüşçü yaralı olmağına baxmayaraq, başqa tankla hücumu davam etdirib.
Hərbçi yoldaşlarının məlumatına görə, bacarığı və insani keyfiyyətləri ilə Saleh Səfərov komandir heyətinin və bütün hərbi hissənin böyük rəğbətini qazanmışdı. Düşmənin üstünə tankla şığıyan qəhrəmanımız minalanmış sahələri yara-yara gedirmiş. Döyüşlərin birində düşmən onun tankını vurub və Saleh Səfərov qəhrəmancasına şəhadətə ucalıb.
Sentyabrın 29-da Füzuli uğrunda gedən qanlı savaşda qəhrəmancasına şəhid olan S.Səfərovun nəşi on gündən çox neytral zonada qaldığından ailəsi ondan xəbər tutmayıb. Sonra onun nəşi tapılaraq 2020-ci il oktyabrın 11-də doğma Yardımlı rayonunda böyük izdihamla torpağa tapşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Saleh Səfərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, bir oğlu və bir qızı Vətənə əmanətdir. S.Səfərov döyüşə yollananda əvvəlcə övladları ilə şəkil çəkdirib. Həyat yoldaşına deyib ki, əgər şəhid olsam, ağlama, narahat olmayın, uğrunda canımı verdiyim Vətən sizə sahib çıxacaq. Ayrıca öz şəklini də çəkdirib və deyib ki, şəhid olsam məzar daşıma bu şəkli vurarsınız.
Doğmalarının, döyüş yoldaşlarının xoş təəssüratlarla xatırladığı Saleh Səfərov Vətən uğrunda hər şeyə hazır idi. Övladları isə hələ də onun yolunu gözləyir. Oğlu deyir ki, atam məni gəzməyə aparardı, birlikdə oyun oynayardıq. İndi həmişə onu düşünürəm və şəklini qucaqlayıram.
Şəhidimizin həyat yoldaşı deyir ki, Saleh qızına daha çox bağlı idi. Yəqin elə buna görə də balaca qız: “Atamın arzusunu yerinə yetirəcəm və həkim olacam” – deyir.
Saleh Səfərovun həyat yoldaşı deyir ki, o mənim üçün hər şey idi, onsuz heç nəyi təsəvvür edə bilmirəm. Amma o, mənə tapşırıb ki, möhkəm olmalısan və göz yaşı tökməməlisən. Saleh əvvəldən bizi şəhid olacağına hazırlaşdırırdı. Heç şəkil çəkdirməklə arası yox idi, amma müharibəyə gedəndə dedi, gəlin şəkil çəkdirək. Ailədə çox mehriban idi. Onun yanında kimsə qəmgin ola bilməzdi, həyat dolu bir insan, üzündə həmişə təbəssüm olardı. Hərbi geyimində onun qoxusu qalıb, papağını da yumamışam. Evə gələndə deyirdim ki, səndən mazut iyi gəlir, kaş yenə gələydi...
...Hərdən səsin gəlir qulağıma,
sevinirəm.
ah, o təbəssümün,
gülümsəyirəm...
əllərim havalanır,
sənə doğru uçuram…
Adın gəlincə qızımızın dodağı büzülür,
oğlumuzun qaşları çatılır...
uşaqların səsinə aşağı enirəm
və sənə uzanan əllərimlə
iki balamızı qucaqlayıram
sənin qoxun gəlir,
səsin gəlir,
sən həmişə bizimləsən,
qəlbimdəsən, birdənəm...
Mina RƏŞİD