2017-ci il iyulun 4-də həqiqi hərbi xidmətə yollanan Məhəmməd Qusar rayonunda Vətənə xidmətə başlayıb. 2019-cu il yanvarın 6-da hərbi xidmətini başa vurub. Xidmət etdiyi dövrdə nümunəvi davranışı və bacarığına görə fəxri fərmanlara layiq görülüb və ailəsinə "Təşəkkür məktubu" ünvanlanıb.
Hərb sənətinə böyük həvəsi olan Məhəmməd 2020-ci ilin iyun ayının 19-da müddətdən artıq hərbi xidmətə başlayıb.
Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. 2020-ci il oktyabrın 30-da şərti adı "Üçtəpələr" olan döyüş mövqeyi istiqamətində gedən qanlı savaşda qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimizin nəşi dekabr ayında tapılaraq ailəsinə təhvil verilib. Şəhid Məhəmməd Abdullayev böyük bir izdiham və ehtiramla Daşkəsən rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün doğmaları onun həsrətini çəksələr də Məhəmmədin adı, amalıyla qürur duyurlar. Deyirlər ki, torpaqlarımızı düşməndən azad etmək onun ən böyük arzusu idi. Buna görə də, Vətən sevgisi onun bütün arzularının fövqündə dayanırdı. Məhəmməd cəmi 21 yaşında tarix yazan oğullardan oldu. Doğmalarının da yeganə təsəllisi onun adının Zəfərlə birgə çəkilməsidir...
Cənnətdəki doğum günün mübarək, hamımız səninlə fəxr edirik, Məhəmməd!
Mina RƏŞİD