22.11.2024, 18:52
AZ EN
25.08.2023, 12:44 325

“Rəşadət” ordenli qəhrəman Şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını Vətənə fəda edən qəhrəman şəhidimiz Quliyev Hüseyn Aydın oğlunun doğum günüdür. O, 1991-ci il avqustun 25-də Beyləqan rayonunun Örənqala qəsəbəsində anadan olub. 1997–2008-ci illərdə qəsəbədə orta təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri, atıcı Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə iştirak edib. Hüseyn Quliyev Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. Oktyabrın 8-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Beyləqanda Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz evli idi, onun əkiz övladları Vətənə əmanətdir.

İgid şəhidimizin ata-anası bu gün onlar üçün nə qədər çətin olsa da, övladlarının Vətən uğrunda şəhadətə ucalmasından qürur duyurlar.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidimiz!

Mina RƏŞİD

Oxşar xəbərlər