Ceyhun Məmmədov yazır:
"Zəfər" Şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi ilə 40 nəfərdən ibarət gənc tələbə şəhid övladları üçün Quba rayonunun Nügədi kəndində "ƏMANƏTƏ SƏDAQƏT" adlı yay düşərgəsi təşkil olunub. Layihə çərçivəsində şəhid övladları Azərbaycanın tanınmış simaları, millət vəkilləri, yazıçıları, sənət adamları ilə görüşlər keçirəcək. Eyni zamanda, gənclər arasında intellektual oyunlar təşkil olunacaq, Quba Memorial Soyqırımı Muzeyini ziyarət edəcək, Qubanın gəzməli görməli yerlərinə səyahət edəcəklər.
Artıq yay düşərgəsinin ilk günündə deputat həmkarım Fatma Yıldırımla şəhid övladları ilə görüşdük, onlarla aktual mövzularla bağlı söhbət etdik, gəncləri maraqlandıran suallara cavab verdik. Eyni zamanda, görüşün sonunda yeni çapdan çıxmış "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din" kitabımı gənclərə hədiyyə etdim.
Bu gün Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Ölkəmizdə şəhid ailələrinə, qazilərimizə böyük dərəcədə qayğı göstərilir. Onlar üçün müxtəlif layihələr həyata keçirilir.
Belə tədbirlərdən biri də şəhid övladları üçün yay düşərgələrinin təşkil olunmasıdır. Bu uşaqlar şəhidlərimizin bizə əmanətidir. Onları qorumaq, daim diqqət və qayğı ilə yanaşmaq bizim mənəvi borcumuzdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara hər zaman diqqətlə yanaşır. Bizim vəzifəmiz öz fəaliyyətimizlə bu siyasətə dəstək verməkdir. Mən inanıram ki, təşkil olunmuş bu düşərgə şəhid övladları üçün yadda qalan hadisə olacaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ