04.02.2026, 12:45
AZ EN
04.02.2026, 09:52 178

Bu gün şəhid Ramazan Göydağlının doğum günüdür

XƏBƏRLƏR
  • Vətən Müharibəsi başlayanda Ramazan bir neçə gün idi ki, MAXE kimi yenidən hərbi xidmətə başlamışdı. Amma buna baxmayaraq döyüşlərə can atırdı. İlk vaxtlar o buna nail olmasa da, oktyabrın 17-dən könüllü olaraq XTQ-in tərkibində döyüşlərə qatıldı.  

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Göydağlı Ramazan Əbülfət oğlunun doğum günüdür. O, 1997-ci il fevral ayının 4-də Naxçıvanda, Culfa rayonunun Kırna kəndində anadan olub. 2014-cü ildə oxuduğu Kırna kənd tam orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Ramazan 2020-ci ilin sentyabr ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq ordu sıralarına qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Culfa rayon Kırna kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.  

Ramazan Göydağlı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər