Akif Qaryadı Azərbaycan incəsənətinə böyük töhfələr vermiş Şuşanın məşhur Qaryadı nəslinin nümayəndəsi böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı nəvəsidir. O, Bakıda dünyaya göz açsa da, ata yurdu Şuşaya heyran olduğunu deyir: “12 yaşım olardı, Xankəndində uşaq yarışları keçirilirdi. Mən də həmin yarışlarda iştirak edirdim. Bilirdim ki, atam Şuşada anadan olub. Amma harda yerləşdiyini, ora necə getmək lazım olduğunu bilmirdim. Mən Xankəndində avtobusa mindim və ilk dəfə 12 yaşımda Şuşaya getdim. Həmin gündən bu şəhəri sevirəm. 1980-ci illərdə əmim, görkəmli heykəltaraş Cəlal Qaryağdı ilə Şuşada Cabbar Qaryağdıoğlunun Ev Muzeyini yaratmaq qərarına gəlmişdik. Şuşada avtovağzalın yanında evə də baxmışdım. Təəssüf ki, həmin evi almaq bizə qismət olmadı. Amma 30 ildən sonra Şuşanın geri qaytarılması bu ümidimi yenidən alovlandırdı”.
Akif Qaryağdının öz doğma babası da Azərbaycanın məşhur xanəndəsi olub. Məşədi Qafar Qaryağdı. Akif Qaryağdı nəsillərinin ağrı-acı dolu həyat hekayəsindən söhbət açarkən bilririr ki, tədqiqatçıların araşdırmaları nəticəsində babam Məşədi Qafarın Fransa Milli Kitabxanasında səs yazıları tapılıb: “Məşədi Qafarın arxiv səs yazılarını Gülhüseyn Kazımlı və Turan İbrahimov araşdırıb ortaya çıxarıb. Mən onlara öz minnətdarlığımı bildirirəm. Çünki bu insanlar böyük iş görüblər. Bizim soyadımızın kökünü və bütün budaqlarını araşdırarkən Turan İbrahimov görür ki, bu nəslin bir budağı da Məşədi Qafara aparır. Deyirlər ki, o, çox yaxşı oxuyan olub. Amma çoxu bunu bilmir. Çünki bizim bir qohumumuz da olub, Qəhrəman. Onun da gözəl səsi olub. Lakin o repressiya illərində həbs olunaraq sürgün edilib. Cabbar əmi o illərdə artıq məşhur idi. Digərlərinin adları isə qara siyahıya salınıb. Çox güman ki, bu səbəbdən də babam Məşədi Qafar səhnəyə buraxılmır və o, gedir, amma bilmirik hara”.
Akif Qaryağdı daha sonra deyir ki, atamı 6 yaşında itirmişəm: “Çox kiçik olduğum üçün bu haqda mənə deməyib. Çoxlarları deyir ki, o İrana köçüb. Bəziləri isə onun Ağdama, Bərdəyə getdiyini deyir və mənim hazırda əsas məqsədim tədqiqatçılarla birgə babam Məşədi Qafarın məzarının harda olduğunu tapmaqdır”.
Qeyd edək ki, Qaryağdı soyadı təkcə incəsənətimizdə deyil, idman sahəsində də tanınır. Belə ki, Akif Qaryağdı 1966-85-ci illərdə Azərbaycanın basketbol üzrə 15 qat çempionu olub. 23 il əvvəl isə Amerikaya köçüb. Lakin o, burda da sevdiyi idman növü ilə məşğul olub. Texasın 5 qay çempionu və bu günlərdə Pisburqda ölkənin komandaları arasında keçirilən çempionatın bürünc medalına sahib olub.
“Amerikada basketbol sadəcə idman növü deyil, sanki həyat tərzidi. Orda demək olar ki, hər kəs uşaq baxçasından basketbola gedir. Texasda 30 milyon əhali var. Onların yarısı, bəlkə də, yarıdan çoxu basketbol oynayır. Təsəvvür edə bilirsiniz, bütün məktəblərdə, universitetlərdə basketbol meydançalarına giriş sərbəstdir. Basketbol çox universal idman növüdür. O, bədənlə yanaşı, düşüncəni də inkişaf etdirir. Çünki bu komanda oyunudur. Bu gün Azərbaycanda idmanın bu sahəsində baş verən yenilikləri yüksək qiymətləndirirəm. Bu il yeni liqa təşkil olundu və Amerikadan, Avropadan basketbolçular dəvət olunaraq və yüksək səviyyədə Azərbaycan çempionu təşkil olundu. Lakin unutmamalıyıq ki, əgər basketbolun düzgün istiqamətdə inkişafına nail olmaq istəyiriksə, uşaq vaxtından başketbola xüsusi diqqət yetirməliyik. Düzdür, bu sahədə işlər görülür. Yaxşı məşqçilərimiz, mütəxəssislərimiz var. Onlar çox çalışırlar. Mən bir mütəxəssis kimi onların fəaliyyətindən razıyam. Bu sahədə əlimdən gələn köməyi etməyə hazıram”.
Akif Qaryağdı okeanın o tayında yaşamasına baxmayaraq, tez-tez Azərbaycana gəlir.O, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa oyunlarında, 2017-ci ildə isə İslam Həmrəylik oyunlarında menecer kimi fəaliyyət göstərib. Akif müəlim həm də musiqiyə maraq göstərir, o, gitarada ifa edir və arada bir mahnı da bəstələyir. Bu isə heç də təsadüfi deyil. Axı, o, Qaryağdı soyadını daşıyır.
“Mən hər dəfə bura gələndə rahatlıq tapırdım, elə bil qanadlanırdım. Burda özümü çox yaxşı hiss edirəm. Ola bilsin ki, Buzovna havası da təsir edir”, - deyə o vurğulayıb.
Qazandığı bütün uğurlara baxmayaraq, qəriblikdə yaşayan həmvətənimiz öz doğma torpağından ayrı qala bilmədiyi üçün birdəfəlik öz yurduna qayıtmaq qərarını verib. Çünki onun burda görəcəyi işlər çoxdur.
Hazırladı: Tahirə AĞAMİRZƏ