09.06.2025, 13:24
AZ EN
23.08.2023, 12:19 336

Ana, dayımın qisasını alıram

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri - Fərid Xeyrulla oğlu Seyfullayevin doğum günüdür.

O, 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Fərid hərbi xidməti bitirdikdən sonra hərbi qulluqçu kimi xidmətdə qalmaq istəsə də, ailəsi evin tək oğlu olmasını nəzərə alaraq buna razı olmayıb. Amma Aprel döyüşlərindən sonra Fəridi saxlamaq mümkün olmayıb və o, Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmətə başlayıb.

44 günlük Vətən müharibəsi başlayanda Fərid də mərd oğullarımız kimi döyüşlərə qatıldı. O, Füzulidən Şuşaya qədər döyüş yolu keçdi.

Qəhrəman döyüşçü 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Fərid Seyfllayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin anası Səidə Seyfullayeva oğlunu fəxr və qürurla yad edir: “Fərid Vətən müharibəsi başlayandan odun, alovun içində olub. Amma bizə hər hansı çətinliyi barədə heç nə demirdi. “Məndən nigaran olmayın, mən dünənki əsgər deyiləm” deyib, bizi arxayın edirdi. Qardaşım Birinci Qarabağ döyüşlərində şəhid olub. Zəng edəndə deyirdi ki, “ana dayımın qisasını alıram. Düşmənə nəfəs almağa imkan vermirik”. Deyirdim, özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan”.

Döyüş yoldaşı Zeynal Məmmədov Fəridi belə kimi xatırlayır: “İki ay idi tanış idik. Çox yaxşı yoldaş və döyüşçü idi. Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Ermənilərin silah-sursatını götürüb gəlirdi. Çox mərd döyüşçü idi.”

Şəhidin bacısı Fəridə Seyfullayeva qardaş itkisi nə qədər ağır olsa da, Fəridlə fəxr etdiyini bildirir: “Müharibə vaxtı zəng edəndə deyirdi ki, bacı, mənim üçün həmişə dua elə. Yadımdadır, Mübariz İbrahimov, Fərid Əhmədov şəhid olan vaxtı videolara baxırdı. Orada Fəridin adı gələndə Əhmədov yerinə öz soyadını - Seyfullayev deyirdi. Məktəbdə tədbirlərdə hərbi formanı geyinib qürurla gəzərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Fərid Seyfullayev 2 il əvvəl ailə qurmuşdu. Qızlarından biri onun şəhid olmasından sonra dünyaya gəlib. 

Gənc ömrünü torpaqlarımızın azadlığına bağışlayan Fərid kimi qəhrəmanlar oğulları Vətən heç vaxt unutmur.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər