23.06.2025, 03:50
AZ EN
17.08.2023, 09:00 208

Sənan yalnız qələbəni düşünürdü

XƏBƏRLƏR
  • Doğmaları deyir ki, Sənanın səsi də dəyişmişdi, sanki başqa adam olmuşdu. Vətən müharibəsində o sanki bir cəngavərə dönmüşdü. Telefondakı səsi hələ də qulağmızda qalıb. Sənan igid əsgərlərinə, - İrəli, irəli, deyirdi. O, yalnız qələbəni düşünürdü...

Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid mayor Sənan Qahir oğlu Zamanovun doğum günüdür. O, 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində dünyaya gəlib. 1993-cü ildə Qusar rayon Çiləgir kənd orta məktəbinə qəbul edilib. 1994-cü ildə təhsilinə Bakının Nəsimi rayonundakı 211 saylı tam orta məktəbdə, daha sonra isə 1998-ci ildə Beyləqan rayonunun Milabad kənd məktəbində davam edib. 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada 3 il oxuduqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib. 2008-ci ildə hərbi məktəbi bitirib Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçərək, 2009-cu il iyulun 20-də Naxçıvanda “N” saylı hərbi hissələrdə taqım komandiri və bölük komandiri təyin edilib. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsini alıb. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən hərbi hissəsində bölük komandiri təyin edilmiş və eyni ildə mayor rütbəsini almışdı.

Mayor Sənan Zamanov 2019-cu ildən xidmətinə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam edib.

2020-ci sentyabrın 27-də başlanan Vətən müharibəsi ərəfəsində o, maddi-texniki təminat taborunun komandiri vəzifəsində çalışırdı.

Mayor S.Zamanov Vətən müharibəsi başlanandan 4 gün sonra, sentyabrın 31-də Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə sonuncu postu alarkən ilk hərbi qulluqçu kimi qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla Qusar rayon Şəhidlər Xiyabanında dəfn olunub. S.Zamanov Vətən müharibəsində Qusar rayonunun ilk və yeganə ali rütbəli zabit şəhididir.  

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Sənan Qahir oğlu Zamanov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə" və  

“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəhrəman şəhidimiz evli idi, onun üç övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək.

Məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər