O, 12 uşaqlı zəhmətkeş ailədə dünyaya göz açıb. “Atam çoban, anam sağıcı idi. Bizi halal zəhmətləri ilə böyüdüblər, mehriban ailədə yaşamışıq. Anamın təndirdə bişirdiyi çörəyin, ocaqda hazırladığı yeməklərin dadı indi də damağımdadır. Kəndimiz çox səfalı yer idi. Qışda Göyçə gölü donardı, yayda isə göy rəngi ilə bizi özünə heyran qoyardı. Saatlarla oturub gölün gözəlliyinə baxardıq, mənzərədən doymazdıq. Dağlar, yaşıllıqlar, təmiz hava, təmiz su ruhumuza olduğu kimi, bədənimizə də şəfa idi. Xəstəlik nədir, bilməzdik”, - deyir Zeynəb nənə.
Babasından eşitdiyinə görə, XIX əsrin ortalarına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Sonradan orada Rusiyadan sürgün edilmiş ruslar (malakanlar) yerləşdirilib. 1919-cu ildə erməni quldur dəstələri kəndə hücum edərək azərbaycanlıların bir hissəsini qətlə yetirib, sağ qalanları qovub çıxarıb, var-dövlətlərini talan ediblər. Daha sonra kəndin qaçqın əhalisi yenidən doğma yurda qayıdıb. 1988-ci ilədək əsasən azərbaycanlıların yaşadığı Şorcada cəmi 20 rus və 3 erməni ailəsi olub. Kolxoz və sovxozu olan kənddə əhali əsasən əkinçilik, heyvandarlıq, arıçılıq, bağçılıq, eləcə də balıqçılıqla məşğul idi.
“İstiqanlılıq, mehribanlıq, şad günə sevinib, dar günə üzülmək qanımızda var. Biz öz millətimizdən olmayanlara da yaxşı davranardıq, əlimizdə olanı paylaşardıq. Toylarımızı, milli bayramlarımızı çox gözəl keçirirdik. Novruzun bütün adətlərinə əməl edərdik, lopa yandırar, süfrələr açar, ev-eşikdə təmizlik aparardıq. Xalıları, pal-paltarı göldə yuyardıq. Axşam saatlarında dağ yeli qalxardı, o vaxt evə qayıdardıq, özümüzlə su da gətirərdik”, - deyə müsahibim o günlərdən danışır. Zeynəb nənə gəlin köçsə də, hər yayı ailəsi ilə birgə yenə doğma kənddə, ata yurdunda keçirib: “Anam həmişə deyərdi ki, qonaqsız ev uğursuz olar. İkimərtəbəli evimiz var idi, bəlkə 20-30 nəfər birdən tökülürdük ata ocağına. Şorca 5 övladımın da xatirəsindədir. Kəndimizdə qədim qalanın qalıqları var idi. Atam deyərdi ki, burada vaxtilə Koroğlu öz dəliləri ilə birgə məskən salıb. XVII əsrə aid alban kilsəsi, qədim oğuz qəbiristanlığının yeri dururdu. Uşaqları oralara da aparmışam. Hələ də o yerlərdən, Göyçə gölünün, meşəliyin, dağların gözəlliyindən həsrətlə danışırlar, xiffət çəkirlər”.
1988-ci ilin qışında kənddə yaşayan azərbaycanlılar bir neçə günün içində erməni quldurları tərəfindən sonuncu nəfərinə qədər qovulub çıxarılıblar. Buna qədər azərbaycanlılara göstərilən təzyiqlər də dözülməz olub. “Azərbaycanlıların canına qəsd etməyə çalışan erməniləri heç həbs də etmirdilər, “kimə kimdən şikayət edirsiniz?” deyirdilər. Sonda da ermənilər əhaliyə deyiblər ki, buradan çıxmasanız, sizi bir gecənin içində öldürəcəyik. Kişilər gecələr növbə ilə kənddəki qadınları, uşaqları qoruyurlarmış. Qonşu kənddə ermənilər bir maşın dolusu azərbaycanlını qəsdən qəzaya salıb, öldürmüşdü. Tanıdığımız insanlar var idi, onları evlərində ölənə qədər döymüşdülər. Bizimkilər isə soyuq havada zülm çəkə-çəkə qaçıb, birtəhər canlarını qurtarmışdılar. Vətənli günlərimizi, ürəkdən gülüşümüzü, ev-eşiyimizi, ən əsası atamın, bacımın, qardaşımın qəbrini orda qoyub çıxmışıq...”, - deyən Zeynəb nənə qəhərlənir.
75 yaşlı Zeynəb Bayramovanın yaddaşına, taleyinə yazılan acı günlər bununla bitməyib. Sonrakı sınaqlar da məhz erməni məkrinin, təcavüzkarlığının nəticəsi olub. “45 ildən çox hərbi sahədə xidmət edən yoldaşım, hərbi təhsilli oğlum Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O günlərin ağrı-acısını yaşamışıq. Nəvəm, Azərbaycan Ordusunun leytenantı Kənan Süleymanlı 44 günlük Vətən müharibəsi şəhididir. Xocavənd rayonu uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Bu da qəlbimdə yaradır, ancaq həm də qürur mənbəyimdir. Biz illərdir işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Kənan kimi igidlərin sayəsində azad etmişik. Heç şübhəsiz, günü, vədəsi gələcək, qəlbimizi yandırıb-yaxan Qərbi Azərbaycan həsrətinə də son qoyulacaq”, - deyə Zeynəb nənə bildirib. (AZƏRTAC)