"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində yenidən qurulan və əhalisi geri qaytarılan yaşayış məntəqələrindən biri də Laçın rayonunun Zabux kəndidir.
"Vətən səsi" xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq yenidən tikilən Zabux kəndinin sakinləri builki payız-qış mövsümünü ilk dəfə olaraq doğma yurdunda keçirir. Otuz illik ayrılıqdan sonra Zabuxda həyat yenidən canlanır. Belə ki, cəmi bir neçə ay əvvəl bərpa və yenidənqurmadan sonra keçmiş məcburi köçkünlərin qayıdışına başlandığı kənddə indi 203 ailə yaşayır. Bununla da doğma yurduna qayıtmış 783 nəfər Zabux sakininin daimi yaşayış yerində məskunlaşması təmin edilib. Eyni zamanda Zabux kəndi də daxil olmaqla işğaldan azad olunmuş və məskunlaşdırılmış ərazilərdə yaşayış üçün lazım olan bütün infrastrukturlar yenidən qurulub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Böyük Qayıdış" proqramı çərçivəsində yenidən qurulan ərazilərdən olan keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsini davam etdirir.
Elxan SALAHOV