19.10.2024, 18:23
AZ EN
25.07.2023, 10:06 263

Bu gün Yalçının doğum günüdür

XƏBƏRLƏR

Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Yalçın Elçin oğlu Rəhimovun doğum günüdür. O, 2000-ci il iyul ayının 25-də doğulub. Uşaq vaxtlarını Ağsu rayonunun Çaparlı kəndində keçirən Yalçın elə həmin kəndin İkram Rüstəmov adına orta məktəbində təhsil almağa başlayıb. Sonra ailəsi Lahıc kəndinə köçdüyü üçün təhsilini Nardaran kəndinin 295 nömrəli tam orta məktəbində davam etdirib. Məktəbdə oxuduğu müddətdə güləş, kinboks kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak edib, fəxri fərmanlarla təltif olunub və medallar qazanıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvana hərbi xidmətə yollanıb və burada fərqlənərək Xüsusi Təyinatlı Qüvvələrə hazırlanmaq üçün seçilib. Yalçının boyu standartlara uyğun olmasa belə, onun cəsarəti, bacarığı dəyərləndirilib və XTQ-ə qəbul edilib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Yalçın Rəhimov demək olar ki, döyüş bölgələrinin əksəriyyətində vuruşub və yoldaşları ilə birgə xeyli erməni dəstələrini məhv edib. Əksər şəhidimiz kimi Yalçın da sanki şəhid olacağını əvvəlcədən hiss etmişdi. Ona görə də ailəsi ilə əlaqə saxlayaraq sanki onların səsini son dəfə duymaq istəmiş və halallaşmışdı.

Doğmalarının dediyinə görə, soyuq və qaranlıq bir gündə Yalçın yaralı yoldaşını xilas etmək üçün onu çiyninə alıb və  həkimə çatdıraraq  həyatını xilas edib. Ancaq geri qayıdarkən düşmən mühasirəsinə düşmüş, Şuşada əlbəyaxa döyüşdə 8 erməni əsgərini məhv etdikdən sonra qəhrəmancasına şəhadətə ucalmışdı. Yasinin şəhid olması mühaibənin son anlarına, noyabrın 7-də təsadüf edirdi.

Həmin ərəfələrdə ailəsi cəbhədən verilən məlumatları eşidirdi, deyilirdilər ki, burada igid bir oğlan var, adı Yalçındır, biz onu ermənilərin qənimi adlandırırıq. 

Şəhidimiz böyük bir izdihamla doğma Ağsu rayonunun Çaparlı kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Yalçın Rəhimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün doğmaları onun haqqında ancaq xoş xatirələrlə danışırlar. Çünki Yalçın bu yaşda kənddə mehribanlığı, həm də mərhəməti ilə ad qazanıb. Deyirlər ki, atası rəhmətə gedən bir dostuna həmişə yardımçı olub,  hərbi xidmətə gedəndə evdə nəyi varsa hamısını dostuna bağışlayıb. Özü çətinliklə böyüyən Yalçın uşaqlıqdan zəhmətə alışıb. Anası bildirir ki, Yalçın deyirdi ki, mən kasıblığın nə olduğunu çox yaxşı bilirəm, ona görə də ilk maaşımı yoxsullara xərcləyəcəm. Elə dediyini də edir. İlk maaşını imkansız ailələrə xərcləyir.

Yalçın ədəbiyyata, vətənpərvər şeirlərə çox maraq göstərirmiş. Bilməzdi ki, o özü də bir gün doğma Vətənin Zəfər tarixini yazanlardan biri kimi qəhrəmanlıq simvoluna çevriləcək. Anası onunla qürur duyacaq. Deyəcək ki, Yalçın tək mənim yox, bütün Azerbaycan xalqının oğludur...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Yalçın balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər