08.09.2024, 07:45
AZ EN
25.07.2024, 10:32 281

Torpaqlarımızı işğaldan biz azad edəcəyik...

XƏBƏRLƏR
  • Şanlı Vətən Müharibəsində onlar üç qardaş vuruşublar. Cavanşir, Nihad, Bilal. Anası deyir ki, Nihad o biri qardaşlarından seçilirdi. İdmanla məşğul olan Nihad hələ uşaqlıqdan deyirdi ki, torpaqlarımızı işğaldan biz azad edəcəyik. Nihad anasını çox sevirdi. Deyirdi, ana, sən çox əziyyət çəkmisən, səni saraylarda yaşadacam. Üç oğlun vuruşur, sən qəhrəman anasan. Şəhid anası onu da deyir ki, Nihadın komandirləri, döyüş yoldaşları onun qorxmaz, cəsur bir əsgər olduğunu, döyüşlərdə şücaətlər göstərdiyini dönə-dönə vurğulayırlar.

Bu gün qəhrəman şəhidimiz, baş əsgər Nihad Mövlud oğlu Abbasovun doğum günüdür. O, 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci illərdə Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Nihad məktəb illərindən idmana maraq göstərib və yüngül atletikanın 100 metr məsafəyə qaçış növündə zona üzrə birinci yerə çıxıb. Üç il ardıcıl rayonun “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü komandası ilə Respublika çempionatının, zona yarışının qalibi olub. Nihad həm də qaydasız döyüş üzrə Azərbaycan çempionatının bir çox yarışlarında uğurla iştirak edib.
Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Oktyabrın 9-da Ağdərə yaxınlığında gedən döyüşlərdə snayperlə vurularaq qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi bir gün neytral zonada qaldıqdan sonra oktyabrın 18-də döyüş meydanından çıxarılıb. Şəhidimiz doğma kəndi İlisuda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Nihad balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər