Prosesin daha da təkmilləşdirilməsinin vacib olduğunu bildirən millət vəkili Milli Məclisdə müzakirələr zamanı çıxışında bu istiqamətdə bir sıra təkliflər təqdim edib:
"1.Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır;
2.Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 90 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 90 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər;
3.Qiymətləndirmə də differensial meyarlara əsaslanmalıdır. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir.
Bütövlükdə, təhsildə əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir. Bu pozitiv yanaşmadır. Bununla yanaşı, qiymətləndirmə meyarlarının artırılması və differensial yanaşmanın tətbiq edilməsi vacibdir", - deyə V.Bayramov vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ