21.11.2024, 22:17
AZ EN
23.09.2023, 12:06 194

Oğlum Xalid qəhrəmandır

XƏBƏRLƏR

Bu gün doğum günü olan Vətən müharibəsi şəhidi Xalid Kamranlının bacısı deyir ki, qardaşım haqqında saatlarla doymadan danışa bilərəm. Biz ailədə tək ikimiz bacı-qardaş olmuşuq. Xalid mənim dostum, sirdaşım, qardaşım olub. İnanmıram ki, kimsə onun haqqında xoş olmayan bir söz desin. Onun qrup yoldaşlarına yazdığı mesajları oxudum. Yazmışdı ki, mən bəlkə şəhid oldum. Ürəyinə dammışdı şəhid olacağı. Xalid bizə görə, Vətəninə görə canından keçdi. O, bir qəhrəmandı, həqiqətən də, qardaşım fəxr ediləsi bir oğul, qardaş, dost kimi də vəfalı bir insan idi...    

Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Xalid Kazım oğlu Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuraraq Dövlət Turizm Agentliyinin tabeliyindəki Mingəçevir Turizm Kollecinə daxil olmuşdu. Qeyd edək ki, Xalid həmin kollecin Vətən müharibəsində şəhid olan 5 tələbəsindən biridir.

Azərbaycanın mərd əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində öz istəyi ilə döyüşlərə qatılıb. O, Talış kəndi, Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Oktyabrın 15-də ordudan tərxis olunmasına iki ay qalmış Talış kəndi uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə doğma İmişli torpağında torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Kamranlı Xalid Kazım oğlu ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə" görə, "Laçının azad olunmasına görə” və "Suqovuşanın" azad olunmasına görə” medalları ilə təltif edilib.

Xalidin tarix müəllimi deyir ki, orta məktəbdə oxuyarkən onun Vətənə olan sevgisini duymuşdum. Xalid Azərbaycan tarixini çox gözəl bilirdi. Torpaqlarımızın işğal altında olmasını nə düşmənə, nə də özünə bağışlaya bilmirdi. Onun məqsədi, amalı ancaq Vətəninə xidmət etmək idi. Elə bu haqq yolunda da özü öz qanıyla 21 yaşında Zəfər tariximizi yazanlardan oldu.

Xalidin uşaqlıq dostları da onun haqqında kövrək xatirələrini bölüşürlər. “Müharibə bizim uşaqlığımızı oğurladı”, - deyən dostları bildirirlər ki, Xalid gülərüz, mehriban insan idi. Uşaqla uşaq, böyüklə böyük idi. Biz əvvəllər də onunla fəxr edirdik, elə indi də... Çünki o, gözəl yoldaş idi və doğma Vətənini çox sevirdi.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Xalid balamız!

Mina RƏŞİD  

Oxşar xəbərlər