08.09.2024, 07:38
AZ EN
18.06.2023, 14:30 350

Başlıbeldə başlanan və... bitən ömür

XƏBƏRLƏR
  • Müasir Azərbaycan elektron media resursları arasında önəmli yer tutan “Moderator.az” səhifəsinin yaradıcısı və baş redaktoru Zülfüqar Hüseynzadə bu gün iyunun 18-də doğma yurdu Kəlbəcər rayonunun Başlıbel kəndində ürəktutmasından vəfat edib.

Bu acı xəbəri ölkəmizin media ictimaiyyəti dərin kədər hissi ilə qarşılayıb.  Azərbaycan Mətbuat Şurasının yaydığı nekroloqda mərhum baş redaktor müasir dövr jurnalistikamızın dəyərli simalarından biri səciyyələndirilib.

Nekroloqda deyilir: “Zülfüqar Hüseynzadə cəmi 52 il ömür sürdü. Bu müddətə jurnalist fəaliyyətini də, ictimai təşəbbüslərini də sığışdırdı. O, uzun zaman içində Kəlbəcər niskilini daşıyaraq, doğma yurd sevgisini peşəsində yaşatdı, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı aşıladı. Belə bir vətənpərvər həmkarımızın aramızdan getməsi böyük üzüntü və sarsıntıdır”.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən Zülfüqar Hüseynzadənin rəhbərliyi ilə  “Moderator.az” istər torpaqlarımızın işğalı dövründə, istərsə də İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra başlanan Böyük Qayıdış zamanı hər zaman öz obyektiv mövqeyi və operativliyi ilə seçilib, komitənin fəaliyyətini geniş işıqlandırıb.

Zülfüqar Hüseynzadənin əziz xatirəsi onun tanıyanların yaddaşında əbədi yaşayacaqdır.

Dövlət Komitəsinin  rəhbərliyi və əməkdaşları, o cümlədən "Vətən səsi" qəzetinin kollektivi tanınmış jurnalistin vaxtsız vəfatından kədərlənir, onun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək səbr diləyir.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər