18.06.2025, 08:56
AZ EN
16.06.2023, 15:20 301

Doğma yurda köçən laçınlının sevinci: “Gəlib gördük ki, hər şey hazırdır”

XƏBƏRLƏR
  • Cəmi 9 ay əvvəl düşmən tapdağından azad olunan Laçın şəhərində yenidənqurma və bərpa işləri sürətlə davam edir. Şəhərin küçə və meydanlarında, yaşayış məhəllələrində aparılan abadlıq işləri yenidən dirçəldilən Laçına xüsusi gözəllik, laçınlılara isə rahatlıq gətirir.

“Vətən səsi” xəbər verir ki, bunu 31 ildən sonra doğma yurduna, həm də öz evinə qayıdan Laçın rayon sakini İsgəndər Nəcəfov “Baku TV”yə bildirib. O, iyunun 14-də Laçına köçürülən 22 ailədən birinin başçısıdır. Laçını məcburi köçkün kimi tərk edəndə İsgəndərin 23 yaşı vardı, indi isə 54-ün içindədir. Düz 31 il əvvəl Laçında yarımçıq qalmış həyata yenidən başlayan Nəcəfovlar ailəsi indi özlərini xoşbəxt və qayğısız hiss edirlər.

”İndi doğma Laçındayıq, bundan xoşbəxt gün ola bilməz. Ev-eşiyimiz, həyət-bacamıza, bostanımıza qədər hər şeyi hazırlayıblar. Gələndə gördük ki, ağaclarımız əkilib, bostanımız becərməyə hazırdır. Fikirləşirdik ki, Laçına qayıdandan ev tikməli, sonra həyət-bacanı düzəltməli, ağac əkməliyik. Amma indi gəlib görürük ki, hər şey yerbəyer olunub. Açığı, əgər təkcə torpaq alınıb verilsəydi, öz gücümüzə ev-eşik qurmağa, bu şəraiti yaratmağa, bəlkə də, ömrümüz çatmazdı. Bu işləri görmək üçün bizə 40-50 il vaxt lazım idi. Hamı bilir ki, insan ömrünün yarısından çoxunu bir evi tikib başa gətirməyə sərf edir. Dövlətimiz sağ olsun, 9 ay içində bu boyda Laçını yaradıblar” – deyə, İsgəndər Nəcəfov bildirib.

Uzun ayrılıqdan sonra doğma torpağa qayıtmağın sevincini yaşayan İsgəndər Nəcəfov qeyd edib ki, burada onlar üçün bütün lazımi şərait yaradılıb. Laçın sakini indi öz həyətində əkilmiş pomidor, kələm, badımcan, bibər və digər bostan bitkilərinə qulluq eməklə məşğuldur: “Vaxtlı-vaxtıda bostanı suvarır, şitillərin dibini boşaldır, alaqdan təmizləyirik ki, bol məhsul götürə bilək. Hamımız çox böyük həvəs və ruh yüksəkliyi ilə öz bostanımızda işləyirik”.

Ailənin xanımı Könül Nəcəfov da Laçında onlar üçün yaradılmış şəraitdən məmnundur: “Belə təsəvvür etmirdik, şükür Allah ki, hər şey istədiyimiz kimi oldu. Cənab prezidentimiz sağ olsun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı! Onların sayəsində biz öz yurdumuza, evimizə-eşiyimizə qayıtdıq. Çox gözəldir, Laçını belə təsəvvür etməzdim. Elə bil, 31 il əvvəl qoyub getdiyimiz Laçın deyil, indi daha da gözəlləşib”.

Xatırladaq ki, iyunun 14-də Laçın şəhərinə növbəti, ikinci köç qayıdıb. “Böyük qayıdış” proqramına uyğun olaraq, həmin gün daha 22 ailə, yəni 72 nəfər doğma ata-baba yurduna köçərək öz evində daimi yaşamaq imkanı əldə edib.

Elxan Salahov

Oxşar xəbərlər