22.06.2025, 04:24
AZ EN
16.06.2023, 10:04 374

Anam və Vətən!

XƏBƏRLƏR
  • Nicat atasıyla telefonla danışanda artıq söz deməzdi. Elə həmişə deyirdi ki, sağlıq olsun, gələndə danışarıq. Amma o ata ocağına şəhid kimi qayıtdı. Onu Şəhidlər Xiyabanında dəfn etmək istəyəndə Nicatın arzusu nəzərə alındı. O, erkən ağır xəstəlikdən itirdiyi anasının uyuduğu məzarda, onun yanında dəfn olunmasını xahiş etmişdi. Bu gün Bərdənin Alaçadırlı qəbiristanlığında ana şəhid balasıyla birgə uyuyur.

Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid əsgər Baxşəliyev Nicat Ziyafət oğlu 1993-cü il iyunun 16-da Bərdə rayonunda dünyaya göz açmışdı. Orta məktəbi doğma şəhərdə almışdı. Hərbi xidmətini başa vurduqdan sonra gənc yaşlarından zəhmətə alışıb. Anası xərçəng xəstəliyinə tutulmuşdu. Həkimlər onun çox az ömrünün qaldığını desələr də, Nicat kompyüteri ilə birgə olan-qalan nəyi vardısa anasının xatirinə satmışdı. Təki anası yaşasın, deyə. Özündən kiçik qardaşını da evləndirmişdilər ki, anası oğul toyu görsün. Nicatın isə hələ evlənmək fikri yox idi. Onun fikri xəstə anasının, bir də düşmən tapdağında qalan torpaqlarımızın yanında idi. Çox danışmağı sevməyən Nicat bir gün ürəyini yaxın qohumlarna açır. Deyir ki, mən daha dözə bilmirəm, müharibə başlayan kimi torpaqlarımız uğrunda döyüşəcəm. Elə də oldu. Nicat könüllü ordu sıralarına yazıldı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatıldı. Atası deyir ki, Nicat bizimlə heç doğru-düzgün sağollaşa da bilmədi. Elə maşından “Salamat qal, ata!”, deyib müharibəyə yollandı.

Oğlu ilə bağlı kövrək xairələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyən artası deyir ki, Nicat oktyabrın 18-də Suqovuşan istiqamətində Talış kəndi uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Nicat Baxşəliyev “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Bu gün Azərbaycanın qəhrəman oğlu, Vətən müharibəsi şəhidi, əsgər Nicat Baxşəliyevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər