20.09.2024, 11:04
AZ EN
14.06.2023, 09:54 171

“Azərbaycan Bayrağı” ordenli leytenant

XƏBƏRLƏR
  • "Sizə həyatımdan danışım... 14 yaşım olanda iki yol arasında qaldım. 1-ci yol gözəl həyat, rahatlıq və sərbəstlik. 2-ci yol isə ailədən uzaq hərbçi həyatı, zabit olmaq. Şərəfli peşə sahibi olmaq və Vətəni qorumaq. Mən ən alisini seçdim - Vətənimi..."

Bu sözlər həyatının ən gözəl çağında - 23 yaşında vətənin bütövlüyünü canından əziz tutaraq onun yolunda şəhadətə ucalan leytenant Elvin Şükürlüyə aidddir.

Bu gün Vətənin qəhrəman oğlu, şəhid, leytenant Elvin Azad oğlu Şükürlünün doğum günüdür. O, 1997-ci ildə Cəlilabad rayonunda anadan olub. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində alıb. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə oxuyub. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirib. Elə həmin vaxtdan 2020-ci il sentyabrın 28-nə qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib.
Elvin Şükürlü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu qanlı döyüşlərdə Murovdağ istiqamətində itkin düşmüşdü.

Xeyli sonra onun nəşi tapılaraq 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Leytenant Elvin Şükürlü ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və “İgidliyə görə” medalları, “Rəşadət" və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilib.

Özü kimi 2 oğlu da hərbçi olan Azad müəllim deyir ki, Elvin onun bacara bilmədiyini bacardı. Vəfa ana isə qoxusuna doya bilmədiyi balası üçün darıxıb göz yaşı tökür. Deyir, balam Vətəni bizdən uca tutdu.
Şükürlü ailəsi Vətən müharibəsinə iki övlad göndərib. Elnur da döyüşlərdə qəhrəmancasına iştirak edib. Qardaşı Elvin ilə də tez-tez telefonla danışırmış. Ancaq sonradan onun şəhid xəbərini alıb.
Elvinin atası Azad Şükürlü ehtiyyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Qardaşı Elnur Şükürlü isə Azərbaycan Ordusunun zabitidir.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər