05.05.2025, 23:44
AZ EN
12.06.2023, 12:19 321

Bu gün Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

XƏBƏRLƏR
  • İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür. Bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. BƏT ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Təşkilatın məqsədi diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyi ilə mübarizə istiqamətində öz səylərini birləşdirir.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Qeyd edək ki, uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir.

Prezident İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “2020–2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası”nda xüsusilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər