Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Natiq Hüseynov bu il ilk dəfə olaraq öz təsərrüfatlarını Laçın və Kəlbəcər rayonlarına aparacaq fermerləri təbrik edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası prosesində Kənd Təsərrüfatı Nazirliyi də iştirak edirlər. Onun sözlərinə görə, bu mərhələdə nazirliyin üzərinə düşən əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərə köçürülən fermer təsərrüfatları subyektlərinin mina təhlükəsindən qorunmasında yaxından iştirak etmək, bu sahədə müvafiq tədbirlər həyata keçirməkdir.
“ANAMA ilə əməkdaşlıq çərçivəsində Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyi üzrə təlimlər də bu qəbildəndir. Təkcə bu il Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək fermerlər təsərrüfatlarının rəhbərləri üçün 4 gün təlim keçirilib. Həmin təlimlərdə ümumilikdə 2374 nəfər iştirak edib” – deyə, nazirliyin əməkdaşı əlavə edib.
ANAMA Göygöl Regional Tədrim Mərkəzinin aparıcı təlimatçısı Rəşad Əliyev mina təhlükəsizliyi və dislokasiya nöqtələrində davranış qaydaları barədə geniş məlumat verib. Təlimdə partlamamış sursat və minalarla çirklənmiş ərazilərin əlamətləri, xəbərdarlıq nişanları və “gizli mina”lar barədə izahat aparılıb. və partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib. Həmçinin müxtəlif növ minaların vizual tanınması üçün maketləri nümayiş olunub, partlamamaış hərbi sursatlarla davranış və qorunma üsulları diqqətə çatdırılıb. Qeyd olunub ki, fermerlərin şübhəli ərazilərə daxil olması, xəbərdarlıq nişanlarının tələblərinə əməl olunmaması və digər ehtiyatsız hərəkətlər ağır fəsadlarla nəticələnə bilər.
Xatırladaq ki, fermerlərin Laçın və Kəlbəcər yaylaqlarına köçü ilə bağlı hazırlıq işləri başa çatıb. Artıq ilk arı və heyvandarlıq təsərrüfatları bir neçə gün əvvəl müəyyən edilmiş ərazilərə köçürülüb.
Yeri gəlmişkən, bu il Laçın və Kəlbəcər yaylaqlarına köçlə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Yeni şərtlərə əsasən, Laçın və Kəlbəcər yaylaqlarına yalnız Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri köçə bilər. Xüsusi icazə portalında qeydiyyatdan keçmiş 40-80 arı ailəsindən (bir yeşik bir ailəsi sayılır) ibarət təsərrüfatlar üçün işçilərin sayı qrup rəhbəri və köməkçilərlə birlikdə 6 nəfərdən, 81-120 arı ailəsi üçün 8, 120 və daha çox arı ailəsi üçün isə 9 nəfərdən çox olmamalıdır.
Laçın və Kəlbəcər yaylaqlarına köçürüləcək heyvandarlıq təsərrüfatları üçün xüsusi şərtlər müəyyən edilib. Belə ki, qaydalara əsasən, 200 baş və daha heyvanı olan fermer təsərrüfatları həmin iki rayonun yaylaqlarına köçə bilər. Ancaq təsərrüfata aid olan iribuynuzlu heyvanların sayı xırdabuynuzlunun sayının1/10-dən çox olmamalıdır. Həmin təsərrüfatlarda işçi heyəti isə heyvanların sayından asılı olaraq dəyişir. Belə ki, 200-350 baş heyvanı olan təsərrüfatlarda işçiləri sayı 6 nəfərdən, 351-500 baş heyvan üçün 7 nəfərdən, 501-650 baş üçün 8 nəfərdən çox ola bilməz.
Bu koteqoriya üzrə maksimum işçi sayı 3000 başdan çox xırdabuynuzlu heyvanı olan təsərrüfatlara aiddir. Belə ki, 3000 və daha çox heyvanı olan təsərrüfatlarda işçilərin sayı qrup rəhbəri və köməkçilərlə birlikdə 23 nəfər həddində müəyyən edilib.
Elxan Salahov