23.12.2024, 12:36
AZ EN
31.05.2023, 14:28 338

Ağlaya-ağlaya çıxdıqları Laçına gülə-gülə yola düşür laçınlılar

XƏBƏRLƏR
  • Bax, belədir Vətən, həsrət də çəkdirir, sevincdən ağladır da... Güldürür də, soldurur da üzümüzü...

Uzun illərdir Vətən həsrətilə yaşayan məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Elə  dövlətin dəstəyi ilə də onların doğma torpaqlarına qayıdışı yüksək səviyyədə təmin edilir.

Bu dəfə köç Laçına yola düşürdü, elə may ayında didərgin kimi çıxarıldıqları yurda may ayında da yenidən geri dönürdülər laçınlılar, qürurla, sevinc göz yaşları içərisində....

Laçına Böyük Qayıdışın birinci mərhələsində  97 nəfərdən ibarət 20 ailə öz dədə-baba torpaqlarına qovuşdu. 20 ailə ilə yanaşı, bu sevinci bütün laçınlılar yaşadı. Artıq, necə deyərlər, indi onların da əlləri işdən soyuyub, axı, doğma yurd yollarını gözləyir... Belə ailələrdən biri də Cümşüdovlar ailəsidir. Onlar da bu xəbərin sevincini yaşayırlar.

Onlar da tezliklə doğma Laçında sac asacaq,  samovara od salacaq, uzun illər həsrətilə yaşadıqları doğma Laçının təmiz havasını çiyərlərinə çəkəcəklər.

Cəmilə Cümşüdova deyir ki, o gün olsun, biz də kəndimizə  köçək. Evlərimiz əvvəl olduğu kimi yenə də qonaqlı-qaralı olsun, samovarımızın odu sönməsin, ocağımızın tüstüsü kəsilməsin. Allah Prezidentimizə cansağlığı versin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Bahar Cümşüdova deyir ki, televizordan eşitdik, Laçına çök xəbərini, Laçına yola düşən köç karvanını görəndə ürəyimiz atlandı,  çox sevindik. O gün olsun,  biz də köçək gedək. Dağlarımızı, dərələrimizi, güllü-çiçəkli yamaclarımızı gəzək, doğma evimizdə, bağımızda, bağatımızda işləyək.

Relyefi olduqca mürəkkəb olan Laçın Azərbaycanın ən böyük rayonlarından biridir. Laçının bir şəhid verilmədən erməni işğalından azad edilməsi dövlət başçımızın  parlaq siyasi qələbəsi idi. Elə qısa müddətdə Laçına köçün başlaması da  tarixi hadisədir. İman Cümşüdov isə deyir ki, biz onunla fəx edirik ki, bizim İlham Əliyev kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Allah Onu qorusun!

Laçından 31 əvvəl ayrılan Əziyyət Abbasova isə doğma evinə köçən ailələri görəndən sonra yurdundan ayrı yaşadığı bütün əzab-əziyyəti, çəkdiyi iztirabları unutduğunu bildirir. İndi uşaqdan böyüyə hamı sevinir, hamı sevinc içindədir ki, bizim torpağımız, dədə-baba yurdumuz azad olunub ki, biz öz evimizə-eşiyimizə gedək. Mən Laçından didərgin düşəndə bir dənə bu sandığı götürdüm. İndi də yenə hazırlamışam. İnşallah Laçına geri qayıdanda özümlə aparacağam. Çünki bu 45 ilin yadigarıdır. Bircə arzum odur ki,  doğma Laçına qayıdaq.

Sakinlərin Laçınla bağlı arzularının bir gün çin olacağı günü yaxşı bilirdilər. Dövlət başçısının çıxışlarının birində “Qarabağı cənnətə çevirəcəyik”,- deməsi isə Vətən nisgilli ürəklərinə məlhəm olub.

Vasif Abbasov da Zabuxa getməyə tələsir. Allahdan ömür istəyir orada yaşamaq üçün. Axı, çox həsrətini çəkib doğma yurdun. Ona görə də Zabuxa gedən kimi torpağını öpəcəyini deyir və kövrəlir.

“Biz həmişə ümidlə yaşamışıq ki, nə vaxtsa öz torpağımıza qayıdacağıq, bu ümidi isə Prezidentimiz, Ali Baş Komandanımız bizdə yaradıb, Onun əziyyətini heç vaxt itirməyəcəyik, Allah Prezidentimizə cansağlığı versin. Şəhidlərimizin məzarı nurla dolsun”,- deyir Nəsib Abbasov.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər