14.11.2025, 07:13
AZ EN
22.08.2025, 08:49 257

Bu gün şəhid Ruslan Binnətovun doğum günüdür

XƏBƏRLƏR
  • Anası deyir ki, hərbi xidmətə çağırış vərəqəsi Ruslandan əvvəl qardaşına  gəlmişdi. Bu da Ruslana təsir etmişdi, çünki o da hərbi xidmətə gedəcəyi günü gözləyirdi. Vaxtı çatanda Ruslan hərbi xidmətə toy-bayrama gedən kimi yollanmışdı. Onlar iki qardaş hərbi xidmətdə olduqları vaxt Vətən müharibəsi başladı. İki qardaş döyüşlərdə eyni istiqamətdə vuruşurdular. Sonra onların döyüş yolu ayrıldı. Ruslan Vətən uğrunda müharibədə şəhadətə ucaldı…

Ruslanın atası da, övladıyla bağlı qürur hissiylə danışır. Deyir ki, onunla fəxr edirəm. Bütün şəhidlər bizim balalarımızdı, onlar Vətən, torpaq uğrunda canlarını fəda ediblər. Şəhidlər müqəddəsdi…

Bu gün qəhrəman əsgər, 19 yaşında Vətən uğrunda şəhadətə qovuşan Ruslan Binnətovun doğum günüdür.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərə görə həmişə minnətdar olduğumuz şəhidlərimizdən biri də gənc əsgər Binnətov Ruslan Rafiq oğludur. O, 2001-ci il avqustun 22-də Moskva şəhərində dünyaya gəlib. Ailəsi sonra Vətənə qayıdıb. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd orta məktəbinin 1-ci sinfinə qəbul edilib və 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirərək 2018-ci ildə 11-ci sinfi başa vurub.

R.Binnətov 2019-cu ilin oktyabr ayından N saylı hərbi hissədə həqiqi hərbi xidmətə yollanıb. Xidmətdə olduğu dövrdə 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılıb. O, Ağdam və Xocavənd uğrunda gedən savaşlarda cəsur döyüşçü kimi iştirak edib.  

Ordumuzun mərd əsgəri Ruslan Binnətov 2020-ci il noyabrın 8-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına  şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə dogma Göygöldə Şəhidlər xiyabanında torpağa tapşırılıb.  

Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Ruslan Rafiq oğlu Binnnətov ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ruslan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər