Anası deyir ki, Ziyad mədəni bir oğlan idi. Uşaqlıqdan “Bəli”, “Xeyir” sözləri dilinin əzbəriydi. Ağıllı, zəhmətkeş, şirin balamdı. Deyirdi ki, ana, mən şəhid olacam. Kövrəldiyimi görəndə, “Mən Vətənimdən, torpağımdan, üçrəngli bayrağımdan ötrü şəhid oluram”, deyirdi... “Ondan saatlarla, günlərlə danışsam da doymaram, söyləyir şəhid anası... “Çox mehriban idi, həmişə üzü gülərdi. Ona deyəndə ki, burada bir maşın daş var, elə o anda işə başlayırdı. Oğlum elə bil, Koroğlu, Fərhad idi... O mənim üçün ölməyib, zirvələrdədi, onunla fəxr edirəm! Elə bilirəm hərbi xidmətdədi, qayıdacaq. Mən ölüncə əsgər yolunu gözləyəcəm... Ziyad bizim qürur yerimizdi, canlara dəyən oğul idi. Balam bir pəhləvan idi. Axırıncı dəfə hamımızla danışdı, zarafatlaşdı, güldü, dedi elə zəng etdim səsinizi eşidəm”. Bu da Ziyadın doğmaları ilə son danışığı oldu...
Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Ziyad Nəriman oğlu Zərbaliyevin doğum günüdür. O, 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb.
Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Ziyad 3 ayın əsgəri idi. Ancaq elə anasının da dediyi kimi, bu pəhləvan oğul mərdliklə Zəfər yürüşünə qoşuldu. Ziyad Füzuli uğrunda gedən qanlı savaşlarda cəsur bir əsgər kimi döyüşdü.
Silahlı Qüvvələrimizin cəsur əsgəri Ziyad Zərbaliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhid oldu.
Şəhidimiz böyük izdiham və ehtiramla Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Ziyad Zərbaliyev "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Ziyadın anası deyir ki, balam da daxil olmaqla bütün Şəhidlərin qarşısında baş əyirəm. Şəhid analarına da deyirəm, başınızı uca tutun, bizim balalarımız ölməyib, nə qədər Vətən var, onlar da yaşayacaqlar.
Anası onu da deyir ki, Ziyadın sevdiyi vardı. Deyirdi, sağ-salamat qayıdım Sizi uzaqlara aparacam... “Ziyad arzusuna çatıb, şəhid olacam deyirdi, oldu da. Amma mən öz arzuma çatmadım, ona elçi gedəcəkdim, toyunu görəcəkdim... İndi mən onunla görüşə Şəhidlər Xiyabanına gedirəm...”
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Ziyad balamız!
Mina RƏŞİD