Bu gün Azərbaycanın mərd oğlu, igid əsgəri, şəhid Anar Talıb oğlu Əliyevin doğum günüdür. O, 1991-ci il mayın 16-da Oğuz rayonunda anadan olub. 1998-2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
Anar Əliyev 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsində Vətənin səsinə səs verərək döyüşlərə qatılıb. Füzuli döyüşlərində savaşıb, oktyabrın 26-da qəhrəmancasına şəhadətə ucalıb. Oktyabrın 27-də həmişə müqəddəs sandığı Oğuz rayon Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, bir oğul övladı Vətənə yadigar qalıb.
Anar Əliyev ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anası deyir ki, Anar heç nədən qorxan deyildi, sanki o, ölümün gözünə dik baxırdı...
Həyat yoldaşı danışır ki, sonuncu dəfə onunla əlaqə saxlayanda uşaq yenicə dil açırdı və “ata”, deyəndə Anar “ata sənə qurban” dedikdən sonra telefondan ancaq güllə səsləri eşidilib...
Çəkdiyi ağrı-acılara baxmayaraq Anarın doğmaları onunla qürur duyur, təki Vətən sağ olsun, deyirlər!
Vətən isə uğrunda candan keçənləri, Anar kimi müqəddəs Şəhidlərini heç vaxt unutmayacaq!
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD