22.12.2024, 17:07
AZ EN
02.03.2022, 11:05 212

Müharibədən əziyyət çəkən ailə və uşaqlarla psixo-sosial iş aparılır

XƏBƏRLƏR

Müharibədən zərər çəkən ailə və uşaqlarla psixo-sosial işin aparılması bu il də davam etdiriləcək. Yay aylarında Ağdam rayonu ərazisində iki icma ilə müvafiq işin aparılması nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Trend-in sorğusuna cavab olaraq bu barədə məlumat verib.  Bildirilib ki, komitənin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Ağdam, Göygöl, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul) fəaliyyəti nəticəsində 773 şəhid və qazi ailəsi ilə görüş keçirilib, ilkin psixo-sosial qiymətləndirmə aparılıb və uşaqlara psixoloji dəstək göstərilib, ailənin ehtiyaclarına uyğun digər yardımlar da edilib və hazırda bu işlər davam etdirilir.

“BMT-nin Uşaq Fondu (UNİCEF) və “ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi ilə birgə müharibədən zərər çəkən ailə və uşaqlarla psixososial dəstək işinin aparılması məqsədi ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına qədər davam edən “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi Goranboy, Ağdam və Tərtər rayonlarında, eləcə də Gəncə şəhərində həyata keçirilib. Layihə çərçivəsində müharibədən zərər çəkən 1400-dən çox ailəyə baş çəkilib,  psixososial qiymətləndirilmə aparılıb, 2400 uşağın ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analar fərdi və qrup terapiyasına cəlb olunub.

Postmüharibə dövründə psixososial dəstəyin davam etdirilməsi məqsədilə, Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400 uşağın iştirak ilə 1 ay ərzində “Uşaq və yeniyetmələrə psixo-sosial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) psixoloq və sosial işçiləri layihəyə cəlb olunaraq uşaqların ilkin psixo-sosial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq fərdi və qrup terapiyası aparılıb, inkişafetdirici məşğələlər, psixoloji treninqlər və inteqrativ oyunlar keçirilib. Həmçinin Göygöl UADM tərəfindən travma yaşamış uşaqların psixoloji və fiziki vəziyyətinə olan mənfi təsirin araşdırılması və ilkin psixo-sosial yardımın göstərilməsi məqsədilə tədbirlər keçirilib. Şüvəlan UADM tərəfindən şəhid və qazi ailələrindən olan 80 uşaqla təlim keçirilib.

Oxşar xəbərlər