12.03.2025, 15:12
AZ EN
30.01.2025, 09:52 347

Bu gün şəhid Elmin Nəcəfovun doğum günüdür

XƏBƏRLƏR
  • Elmin ailədə üç qardaşın ən kiçiyi idi. Sakit təbiətli, mehriban gənc olan Elmin dülgərlik peşəsinə yiyələnmişdi. Atasıyla birgə çalışırdı. Elə müharibəyə də atasının xeyir-duası ilə işindən ayrılıb getmişdi...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Nəcəfov Elmin Saleh oğlunun doğum günüdür. O, 1999-cu il yanvarın 30-da Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Elmin təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində alıb. 2016-cı ildə həmin məktəbin məzunu olub. Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanıb. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda yerinə yetirərək baş atıcı vəzifəsində qumbaraatan kimi ixtisaslaşıb. 2018-ci il iyul ayının 1-də hərbi xidmətini başa vuran Elmin bundan sonra atasıyla birgə dülgərliklə məşğul olmağa başlayıb.

Elmin Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, sentyabrın 29-da könüllü olaraq doyüşlərə qatılıb, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında şücaətlər göstərib.

Döyüşlərdə manqa komandiri vəzifəsini icra edən Elmin Nəcəfov oktyabrın 9-da Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi bir müddət tapılmayıb. Nəhayət 2020-ci il noyabrın 21-də şəhidimizin nəşi tapılaraq doğma Neftçala rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Nəcəfov Elmin Saleh oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər