21.11.2024, 20:34
AZ EN
16.12.2022, 13:53 357

Qazilik şərəf işidir

XƏBƏRLƏR
  • Taleyinə qara yazılan torpaqlar, yurd yerləri elə sakinləri qədər də nisgilli olurlar. Nə edəsən ki, bu bir bəxt yazısıdır, nə qaçmaq olmur, nə də yolunu dəyişmək. Təsəlli isə sabaha ümid, vüsala çatmaqdır. Bu mənada 30 illik bir zamandan sonra Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə vüsala yol açıldı, hamı həsrətlə gözlədiyi arzusuna çatdı, torpaqlarımız azad olundu.

Bu çətin sınaqlarda canını əsirgəməyən, Vətən uğrunda hər zaman şəhidlik və qazilik kimi bir yüksəkliyə ucalmaq arzusunda olan oğullarımızdan biri də 5 yanvar 1980-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş Şirinov Zaur Ruslan oğludur. 1987-1998-ci illərdə orta məktəbi oxuyub bitirən Zaur 2004-cü ildən taleyini həmişəlik hərbi xidmətə bağlayıb. 2020-ci il sentyabr ayının 26-dan cəbhə bölgəsinə göndərilib və elə həmin vaxt, yəni 27 sentyabrdan başlanan Vətən müharibəsinə  qatılıb. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə dostları ilə birlikdə igidliklə vuruşan Z.Şirinov Qubadlı, Laçın, Hadrut, Cəbrayıl rayonlarının azad olunması uğrunda şücaət göstərib. Qanlı çarpışmalar zamanı Laçın rayonunun Səfyan kəndində 2020-ci ilin 1 noyabrında yaralanaraq hərbi hospitala göndərilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Cəsur döyüşçü», «Laçının azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif olunub.

İsa MUSAYEV 

Oxşar xəbərlər