21.09.2024, 23:53
AZ EN
06.05.2023, 10:00 205

O torpaqları alacağıq!

XƏBƏRLƏR
  • Onun üzündə həmişə təbəssümü olardı. Elə şəkillərinə baxanda da təbəssümünün üzünə işıq saldığı aydın görünür. Cavanşir Vətən müharibəsində düşmən üzərinə gedəndə də qəlbində nifrət olsa da üzündəki təbəssümü unutmadı. Kim bilir, bəlkə şəhid olanda da son dəfə dünyaya gülümsəyib. Axı şəhidlərin son anlarında gülümsədiyini onların döyüş dostlarından çox eşitmişik...

Cavanşir Elxan oğlu Əhmədov 2001-ci il mayın 6-da Xırdalan şəhərində anadan olub. 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib, ağır atletika ilə məşğul olub və bir neçə uğura imza atıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən Odlar Yurdu Kollecinə daxil olub.

Cavanşir Əhmədov 2019-cu il iyulun 8-də də təhsilini yarımçıq qoyaraq  müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətinin bitməsinə 3 ay qalmış Vətən müharibəsi başlayıb. Ordumuzun cəsur əsgəri Cavanşir Əhmədov  2020 - ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü qoşulub. O, Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində gedən döyüşlər  zamanı qolundan yaralansa da geri dönməyib. Yarasını sarıyaraq yenidən döyüşlərə davam edib. İgid əsgər özü yaralı olsa da, digər yaralı yoldaşlarına kömək edib. Elə həmin gün noyabrın 4-də Cavanşir Əhmədov qəhrəmanlıqla şəhadətə ucalıb.

Onun nəşi tapılaraq noyabrın 26-da ailəsinə təhvil verilib. Şəhidimiz  böyük izdiham və el məhəbbəti ilə Bərdə rayonunun Alpoud kəndində dəfn edilib.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Cavanşir Əhmədov "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Deyirlər, ot kökü üstə bitər. Cavanşirin atası Elxan kişi də Birinci Qarabağ Müharibəsinin iştirakçısı, əmisi qazidir. Anası Kəlbəcərlidir.  Həmişə yurd həsrətilə yaşayan nənəsinə deyirmiş ki, nənə, o torpaqları gedib alacağıq! Müharibəyə gedəndə də ailəsinə deməyib ki, narahat olmasınlar. Ancaq atası oğluna bələd olduğundan bilirdi ki, övladı müharibədədir.

Cavanşir şəhidlikdən həmişə qürurla danışardı. Sanki özü də bir gün Şəhid olacağını hiss edirdi...

19 yaşlı bu gəncin Vətənə bağlı böyük ürəyi vardı. Elə ona görə də, Vətən Müharibəsində son günlərədək mərdliklə savaşaraq adını  tariximizin qızıl səhifələrinə həkk elədi.

İgid əsgər, cəsur döyüşçü Cavanşir Əhmədovun bu gün doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Cavanşir balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər