19.04.2024, 23:00
AZ EN
01.01.2023, 14:00 118

Böyük Qayıdış tədbirlərinin icrasının monitorinqi real vaxt rejimində aparılacaq

XƏBƏRLƏR
  • "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında 600 indikator nəzərdə tutulub. Çünki orada fəaliyyətlər var, həmin fəaliyyətlərin ilkin nəticələri var, aralıq nəticələri var, son nəticələri var. Amma Dövlət Proqramında bu məsələlər ümumi şəkildə yazılıb. Məsələn, ümumi şəkildə yazılıb ki, biz 700 kilometrdən çox avtomobil yolu və yaxud 300 kilometrdən artıq dəmir yolu tikməliyik... Amma bunun illərə, rüblərə, aylara bölgüsü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə  icraçı qurumların arasında müzakirələrin nəticəsində həyata keçiriləcək. Yəni biz, birinci növbədə, o 600 indikatoru illər üzrə, aylar üzrə, hesabat dövləri üzrə böləcəyik".

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı REAL TV-nin “Mir Şahin vaxtı” proqramında 2022-ci ilin nəticələrindən danışarkən deyib. O, qeyd edib ki, Baş nazirin tapşırığı əsasında, ilk dəfə olaraq, Dövlət Proqramında nəzərdə tutlan tədbirlərin icrasına nəzarəti rəqəmsal formatda həyata keçirəcəyik. “Bu, təkcə Azərbaycanda yox,postsovet məkanında birinci haldır,” – deyən Vüsal Qasımlı bildirib ki,  işaldan azad edilmiş ərazilərin interaktiv xəritəsi qurulacaq, bütün infrastruktur obyektləri xəritədə öz əksini tapacaq, hətta iri obyektlərdə videokameralar quraşdırılacaq. Mərkəzin direktoru vurğulayıb ki, bu real vaxt rejimində nəzarət mexanizmidir. Onun sözlərinə görə, Estoniya istisna olmaqla, Avropa ölkələrinin heç birində belə mexanizm yoxdur. Azərbaycan bu qabaqcıl təcrübəni monitorinq-qiymətləndirmə institutunun timsalında tətbiqinə başlayır.

Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən,

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Həmin Sərəncamın icrasının təmin edilməsi barədə dövlətimizin başçısının 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Mərkəzə və Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlara (qurumlara) müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər