17.01.2025, 22:46
AZ EN
17.01.2025, 12:27 211

Çin şirkətinin rəsmisi: "Şuşa abadlıq işi aparıldıqca daha da gözəlləşir"

XƏBƏRLƏR
  • Şuşa çox gözəl şəhərdir, abadlıq işləri aparıldıqca daha da gözəlləşir.

Bunu jurnalistlərə açıqlamasında Çinin "DongFang Electronics" şirkətinin Baş direktor müavini Şitan Cao bildirib.

Onun təmsil olunduğu nümayəndə heyəti “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə apardığı yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Füzuli, Hadrut və Şuşaya səfər edib. Qonaqlar görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalası ilə tanış olublar.

Qonağın sözlərinə görə, qısa zamanda Füzuli və Hadrutda olduğu kimi, Şuşada da Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilib.

"Biz Qarabağda müharibənin dağıdıcı izlərini, xarabalığa çevrilmiş evləri gördük. Lakin eyni zamanda, müharibədən sonra bərpa işlərinin çox sürətlə irəlilədiyinə şahid olduq. Yollar, evlər və enerji infrastrukturu da daxil olmaqla bir çox sahələrdə müasir texnologiyalardan istifadə edilir. Bu, Azərbaycan Prezidenti və xalqının böyük nailiyyətidir", - deyə o qeyd edib.

Ş.Cao şuşalıların olduqca qonaqpərvər insanlar olduğunu da deyib.

Qeyd edək ki, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədi ilə görüş keçirib.

Səfər zamanı "DonqFang Electronics" şirkətinin istehsal müəssisələri ilə tanışlıq da həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.

Əməkdaşlığın davamı kimi “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. Yanvarın 13-19-da baş tutan səfər çərçivəsində korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.

Qeyd edək ki, "DonqFang Electronics" şirkəti "Ağıllı Şəbəkə" sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib. Bundan başqa şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.

"Dongfang Electronics Corporation”ın nümayəndə heyətinin səfəri yanvarın 19-da başa çatacaq. (Report)

Oxşar xəbərlər