28.04.2025, 18:52
AZ EN
16.11.2024, 15:01 203

Qarabağda armud bağı salanlara subsidiya veriləcək

XƏBƏRLƏR
  • Azərbaycanda intensiv meyvə bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu sahənin təşviq edilməsi və regionlarda fəaliyyət göstərən fermerlərin bağçılığa həvəsləndirilməsi məqsədilə yeni salınacaq intensiv armud bağlarının hər hektarına 800 manatdan 8000 manatadək subsidiya veriləcək.

"Vətən səsi" xəbər verir ki, Aqrar Subsidiya Şurası bununla bağlı qərar qəbul edib. Qərara əsasən, 1 sentyabr 2024-31 may 2025-ci il aralığında salınan armud bağları müəyyən edilmiş şərtlərə uyğun olduqda hər hektara görə fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.

Bağçılığın təşviq edildiyi zonalara işğaldan azad edilmiş ərazilər də daxildir. Belə ki, subsidiyalaşdırma proqramının icrası zamanı həmin ərazilərdə yaradılacaq təsərrüfatlara daha çox diqqət yetiriləcək. Ümumilikdə armud bağlarına birdəfəlik əkin subsidiyasının Qarabağ iqtisadi rayonları da daxil olmaqla Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan zonalarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə ən azı 3 hektar sahədə salınacaq təsərrüfatlara verilməsi nəzərdə tutulur.

Şərtlərə görə, bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir. Qeyd olunan tarixlərdə salınan intensiv armud bağları yuxarıda sadalanan  tələblərdən ən azı birinə cavab verməlidir. Bu halda həmin təsərrüfat sahiblərinə hər hektara görə 800 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Həmçinin 2021-ci il sentyabrın 1-dən əvvəl respublikanın müxtəlif regionlarında salınmış armud bağlarının da hər hektarına görə 310 manat subsidiya ayrılacaq.

Xatırladaq ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyəv ixracında da artım qeydə alınır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər