22.11.2024, 08:49
AZ EN
04.10.2024, 17:29 156

Kəlbəcərdən xaricə ilk ixrac: “İstisu” Belarusda da satılacaq

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal edilən ilk məhsulun ölkə xaricində satışına başlanır. Söhbət Kəlbəcər rayonundakı məşhur “İstisu” mineral sudoldurma zavodunda istehsal olunan eyni adlı sulardan gedir.

"Vətən səsi" xəbər verir ki, bu gün Belarusda “İstisu” mineral sularının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət Televizyasının yaydığı məlumata görə, paytaxt Minskdəki Azərbaycan Ticarət Evində təşkil olunan mərasimdə Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Roman Qolovçenko və digər rəsmi şəxslər iştirak ediblər.

Belarusa ezam olunmuş nümayəndələr arasında "İstisu" mineral sudoldurma zavodunun əməkdaşları da var. Zavodun marketinq şöbəsinin rəhbəri Lamiyə xanım AzTV-yə açıqlamasında Kəlbəcərdə və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə  istehsal olunan ilk məhsulun xaricə ixracından məmnunluğunu ifadə edib: "Çox məmnunuq ki, Kəlbəcərdə istehsal olunan ilk məhsulu artıq dünyaya təqdim edirik. Biz çox şadıq ki, Belarusdakı Azərbaycan Ticarət Evində milli brendimiz altında satışa çıxarılan digər məhsullarımız arasında "İstisu" da var".

Tədbir çərçivəsində Kəlbəcərdə yenidən qurulan zavodda qablaşdırılan “İstisu”yun Belarusa ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.

Xatırladaq ki, Kəlbəcər rayonu ərazisində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. 1976-cı ildən etibarən istehsalına başlanılan “İstisu” mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində mineral suyun istehsalı dayanmışdı. 2022-ci ildə Prezident İlham Əliyevin təməlini qoyduğu “İstisu” mineral su zavodunda işlər tam başa çatdırıldıqdan sonra bu il sentyabrın 2-də yenidən fəaliyyətə başlayıb. Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su “İstisu” - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR