Bunu bərpa olunan enerji sahəsində xəbərlər yayan “Recharge” jurnalında “Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər” sərlövhəli məqalədə Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov deyib.
Energetika nazirinin müavini və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un baş icraçı direktoru Elnur Sultanov bildirib ki, dəniz külək elektrik stansiyalarının tikilməsi Azərbaycan hökumətinin Avropa istehsalçıları ilə birgə “elektrik enerji hasilatının pay bölgüsü müqaviləsi”nə oxşar layihəyə açıq olmasını göstərir.
“Energetika sahəsində strateji tərəfdaşlıqlar bizim üçün həmişə çox əhəmiyyət kəsb edəcək”, - deyən energetika nazirinin müavini Azərbaycanda bərpa olunan enerji sahəsində layihələr icra edən “Masdar” və BP şirkətləri ilə əməkdaşlıqlara diqqət çəkib. “Əgər biz Xəzərdə dəniz külək enerji layihəsini inkişaf etdirmək istəyiriksə, onda bizim mütləq yerli istehsala ehtiyacımız var, bütün komponentlər Avropa ölkələrindən (quru yolla – red.) gələ bilməz”, – deyə o bildirib.
SOCAR - Dövlət Neft Şirkətinin nümayəndəsi Teymur Quliyev isə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ortaya çıxan bir sıra texniki məsələlər barədə danışıb. Bildirilib ki, “Masdar” keçən il Azərbaycan hökuməti ilə 10 qiqavat gücündə bərpa olunan enerji stansiyası, o cümlədən 2 qiqavat gücündə dəniz külək enerjisi stansiyası layihəsinə dair müqavilə imzalayıb. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti, həmçinin Bakı ilə dörd layihəli sazişin bir hissəsi olaraq 1,5 GVt-lıq dəniz külək enerji stansiyası layihəsini həyata keçirir.
“Bu elektrik enerjisinin milli şəbəkəyə inteqrasiyası ilə bağlı çətinliklər olacaq. Ona görə də biz bu enerji ilə nə edəcəyimizi düşünməliyik: yerli bazar elə də böyük deyil, həm də enerjini bir ölkədən digərinə rahat şəkildə ötürmək üçün Aİ-də olduğu kimi sinxron elektrik bazarı yoxdur,” – deyən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov qeyd edib. Onun sözlərinə görə, burada Avropaya ixrac vacib rol oynayacaq və Azərbaycan gələcəkdə dəniz külək enerjisi stansiyalarından alınacaq əlavə enerjidən hidrogen və elektrik yanacaq istehsal edə bilər.
Azərbaycan CO2 emissiyalarını 2030-cu ilə qədər 35 faiz və əsrin ortalarına qədər 40 faiz (1990-cı il səviyyəsindən) azaltmaq üzrə milli hədəfinə çatarsa, dəniz külək enerjisinin neft dövləti üçün əsas mühərrik olacağını söyləmək mümkündür. “ACWA Power”in baş icraçı direktoru Selim Güven deyib ki, zəngin dəniz külək enerjisi ehtiyatı var və ondan istifadə olunmasa, bu, bir növ günah olardı: “Biz bu resursu iki istiqamətdə inkişaf etdirmək istəyirik: yaşıl hidrogen və yaşıl elektrik. Hidrogen daha yaxşı və dəyərli enerji növü ola bilər”.
Məqalədə bildirilir ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanovun sözlərinə görə, Xəzərdən Qara dənizə və Avropaya uzanan 1200 kilometr uzunluğundakı 1 qiqavat yüksək gərginlikli ötürücü kabel Mərkəzi Asiya və Aİ dövlətlərini birləşdirən “yaşıl dəhliz” çərçivəsində regiondan kənarda formalaşan dəniz külək enerjisi də daxil olmaqla, bərpa olunan enerji üçün ən yaxşı "yeni marşrut” olacaq.
“Bu Transxəzər enerji dəhlizi həm uzun məsafələr üzrə tələb və təklif (enerji – red.) baxımından daha yaxşı tarazlıq üçün şəbəkələri “birləşdirmək” baxımından faydalı olacaq, həm də digər Xəzəryanı ölkələrdə bərpaolunan enerji resurslarının bəzilərinin inkişafına töhfə verəcək... Bir növ “sülh elektrik xətti” kimi.” – deyə E.Sultanov vurğulayıb. (AZƏRTAC)