21.05.2024, 08:11
AZ EN
20.12.2022, 17:47 239

Qarabağın yüksək rifaha malik əraziyə çevrilməsi istiqamətində böyük işlər görülür

XƏBƏRLƏR

Zəfər savaşı ilə azad olunan torpaqlarımızda görülən abadlıq-quruculuq işlərinin sürəti və miqyası bütün dünya tərəfindən etiraf olunur. Otuz il ərzində darmadağın edilərək xarabaya çevrilən bölgədə bərpa işlərinin aparılması, ilk növbədə, burada əhalinin məskunlaşmasına xidmət edir. Prosesin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” coğrafi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə etməklə genişmiqyaslı layihələrin icrasını nəzərdə tutur.

Sirr deyil ki, işğal dövründə sərvətlərimizi talayan düşmən şəhər və kəndlərimizi yerlə-yeksan etməklə kifayətlənməmiş, insanlıq əleyhinə növbəti cinayətə əl ataraq ərazilərimizdə kütləvi şəkildə mina basdıraraq ölkəmizə qarşı növbəti xain addım atıb. Şübhəsiz ki, bu da geniş quruculuq prosesinə ciddi maneə yaradıb.

Bu sözləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat vurğulayıb ki, qəbul olunmuş Dövlət Proqramına əsasən, 2026-cı ilədək, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi və bu bölgədə təhlükəsizliyin tam təmin olunması nəzərdə tutulur. Eyni zamanda, nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastruktur işlərinin yenidən qurulması ilə yeni şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin salınması qarşıya mühüm vəzifə kimi qoyulub: “Vətəndaşlarımızın doğma yurdlarına yerləşdirilməsi əsas məqsəd kimi Dövlət Proqramında xüsusi üstünlüklərindən biri də nəzərdə tutulan layihələrdə müasir tələblərin əsas götürülməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə ixtisaslaşmış şirkətlərin işə cəlb olunmasıdır. Ölkəmizin başçısının birbaşa diqqəti və nəzarəti altında olan Proqram işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialının müasir dünya iqtisadiyyatına uyğunlaşdırılmasını ehtiva edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetlərinin nəzərə alınması da məhz bu prinsipdən irəli gəlir. Onu da xatırladaq ki, qarşıya qoyulan məqsədlərə nail olunması üçün bütün dövlət resursları bu istiqamətə cəlb edilib. Bunun üçün lazımi idarəçilik mexanizmləri hələ postmüharibə dövrünün ilk günlərində Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə formalaşdırılmışdı. Belə ki, işğaldan azad edilmiş ərazilərdə təxirəsalınmaz məsələlərin həlli məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmış, bu Qərargahın nəzdində isə düşməndən təmizlənən ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplar fəaliyyətə başlamışdı”.

R.Mahmudov qeyd edib ki, ölkə rəhbərinin yerində verilən qərarları dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən bu proqramın çevik icrasına xidmət göstərən peşəkar idarəetmə sistemi yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə idarəetməni həyata keçirən xüsusi nümayəndəlikləri formalaşdırılması da böyük əhəmiyyətə malikdir. Məhz eyni prinsiplərə söykənərək bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün Prezidentin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb: “Dövlət Proqramının icrasının nəticələri yalnız uzun müddət kökün həyatı yaşamış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə məskunlaşması ilə məhdudlaşmır. Bununla yanaşı, enerji infrastrukturunun qurulması və regionun bərpa olunan enerji potensialından səmərəli istifadəsi bütövlükdə ölkəmizin enerji resurslarına böyük töhfə olacaq. Həmçinin torpaq sahələrinin bərpası, becərilməsi, heyvandarlıq təsərrüfatlarının qurulması, müasir suvarma infrastrukturunun formalaşdırılması həm də ölkənin kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərmiş olacaq. Bundan başqa, füsunkar, qeyri-adi təbiətə malik Qarabağımızda turizm sektorunun təşviqi və inkişafı qəbul olunan Dövlət Proqramında qeyd olunub. Bunun da ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyi sirr deyil”.

Deputat əlavə edib ki, bu günə qədər görülən və görülməsi nəzərdə tutulan layihələrin reallaşdırılması prosesini Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatlardan yardım almadan öz imkanları hesabına edir.

“Ənənəvi ifadə olunduğu təqdirdə, Azərbaycan həqiqətləri qarşısında “ədalət carçıları”nın eynəksiz gözləri kordur. Gözləri yalnız anti-Azərbaycan platformalarında açılır. Amma biz zəif deyilik. Ölkəmiz İlham Əliyevin liderliyi ilə ən qüdrətli mərhələdədir! Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızın azad olunmasını xalq hansı coşqu ilə qarşılamışdısa, bu dəfə Prezident kimi İlham Əliyevin memarlığı ilə nəhəng quruculuq işlərini eyni sevgi ilə seyr edir. Beləliklə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı bu bölgənin cənnət diyarına çevriləcəyinin xəritəsidir. Bölgənin yüksək rifaha malik əraziyə çevrilməsi istiqamətində böyük işlər görülür. Yolumuz Qarabağadır”, - deyə Rəşad Mahmudov söyləyib.

Oxşar xəbərlər