21.11.2024, 23:03
AZ EN
12.12.2023, 12:34 266

Şuşa Şəkini qeridə qoydu - Qarabağ büdcəyə pul gətirməyə başlayıb

XƏBƏRLƏR

Şuşa şəhəri işğaldan azad edilməsindən cəmi 3 il keçməsinə baxmayaraq ölkənin turizm potensialı yüksək olan digər regionlarla rəqabətdə üstünlük qazanmağa başlayıb. Bu, Azərbaycanın mədəniyyət paytaxtında fəaliyyət göstərən otellərin gəlirlərində özünü daha aydın büruzə verir.

"Vətən səsi" xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylalarında Şuşadakı otellərdə 12 min nəfər yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşları, 2,2 min nəfər isə xaricilər olub.  Halbuki ötən il ərzində Şuşa şəhərindəki otellərdə 14 min nəfərdən çox qonağa xidmət göstərilib və bunun 1800 nəfəri xaricilər olmuşdu.

Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, hələ yenidən qurulmaqda olan şəhərdə fəaliyyətə başlayan otellər 2022-ci il ərzində 2 milyon manat qazanıb. Bu ilin 9 ayında həmin göstərici 3 milyon manata çatıb. Proqnozlara görə, Şuşadakı otellərin gəlirləri ilin sonunadək 4 milyon manatı ötəcək.

Şuşa şəhərindəki otellər 9 aylıq gəlirlərinə görə ölkənin əsas turizm bölgələrindən sayılan Şəkini geridə qoyub. Hesablamalara görə, Şəkinin eyni növ turizm xidmətlərdən 9 ayda əldə edilən gəlirlər cəmi 2,7 milyon manat civarında olub. Daha bir mühüm məqam isə odur ki, Şəkidən fərqli olaraq Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil, restoran xidmətlərdən daxil olub.

Hesabat dövründə Şuşa şəhərindəki otellərin tutumu cəmi 16 faiz təşkil edib. Ölkə üzrə bu göstərici 20,8 faizdir. Başqa sözlə, Şuşa şəhərindəki otellərin tutumluluğu ölkə üzrə göstəricilərdən aşağı olduğu halda gəlirlərin məbləği yüksəkdir. Bu isə o deməkdir ki, Şuşanın turiz potensialı artıq ölkənin dövlət büdcəsinə pul gətirməyə başlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər