Keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının Prezidentinə inamını, etimadını bir daha nümayiş etdirdi. 2018-ci ilin prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74,3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilən seçkilərdə dövlət başçısı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin (86,02 faiz) səsini qazanaraq Prezident seçildi. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləridir. Azərbaycan xalqı görülən işlərə səs verdi. Dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində belə bir reallığı da diqqətə çatdırdı ki, sabitlik olmasa, inkişafdan söhbət gedə bilməz. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, böyük nailiyyətimizdir.
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə söyləyib.
Deputat bildirib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən sonrakı inkişafını dünyanın diqqətində saxlayan şanlı Zəfəridir. Ölkəmiz daim təkmil inkişaf modeli ilə beynəlxalq ictimaiyyəti heyrətləndirir. Bu inkişaf strategiyası yeni-yeni hədəflərə yönəlib. Dövlətimizin başçısı “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” söyləyərək Ulu Öndər Heydər Əliyevin yaratdığı iqtisadi təməli daha da möhkəmləndirmək üçün mühüm addımlar atdı. İqtisadi artımın enerji sektorundan asılılığını minimuma endirmək əsas hədəflərimizdəndir. Prezident İlham Əliyev 2018-ci ildən sonrakı dövrdə də regionların inkişafının prioritetliyini öndə saxladı və 2019-2023-cü illər üzrə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqləndi. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Statistik rəqəmlərə diqqət yetirək - ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artıb. Bu müddətdə işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Belə ki, Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bu uğurlar 2018-ci ildən sonrakı dövrdə atılan addımlara stimul oldu.
Ölkəmizin xarici siyasətinin uğurlarının biri-birini əvəzlədiyini söyləyən Ə.Salahzadə qeyd edib: “Uğurlarımıza, tarixi ədalətə və beynəlxalq hüquqa söykənərək Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, biz istədiyimizə nail olacağıq. Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, ərazisində ikinci qondarma erməni dövləti yaradılsın. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimində nəinki Qarabağ bölgəsinin, indiki Ermənistanın da tarixi Azərbaycan torpaqları olduğunu xüsusi vurğuladı. Hər bir bəyanatını, irəli sürdüyü təşəbbüsü, vədini konkret əməli işi ilə təsdiqləyən dövlətimizin başçısı tarixi ədalətə söykənərək növbəti hədəfi açıqladı - Qərbi Azərbaycana qayıdacağıq. Bildirdi ki, bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır”.
Əliabbas Salahzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın möhkəm təmələ əsaslanan uğurlarının təqdimatı oldu. Bu Qələbəni şərtləndirən mühüm amillərdən biri də Prezident İlham Əliyevin diplomatiya müstəvisində çevik siyasətidir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev xarici mətbuata 30-dan çox müsahibəsində münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycan bu illər ərzində hər bir sahədə daha da gücləndi. Dövlətimizin başçısının bütün vədləri reallıqda öz əksini tapdı. Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz, həmçinin hazırda dirçəliş konsepsiyası ilə diqqət mərkəzindədir. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilib. Azərbaycan xalqı öz Liderinə güvənir, ona dəstək olur. Məhz bu birliyin sayəsində Azərbaycan hər an irəli gedərək əsas hədəfə nail oldu - ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu, torpaq həsrətinə son qoyuldu.("AZERTAC")