23.11.2024, 01:05
AZ EN
01.04.2023, 14:39 179

Pakistan mediası Qarabağda aparılan bərpa-quruculuq işlərindən yazıb

XƏBƏRLƏR
  • Pakistanın “Daily Parliament Times” portalında “Dayanıqlı Azərbaycana səyahət” sərlövhəli məqalə dərc olunub.

Müəllifi bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq məqsədilə Azərbaycana, o cümlədən xarici media nümayəndələri ilə birlikdə Qarabağa səfər edən pakistanlı jurnalist Hilal Əhməd olan məqalədə ölkəmizin Hərəkata uğurlu sədrliyindən, təsisatın inkişafına verdiyi töhfələrdən, İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbədən, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən söz açılır. Jurnalist, həmçinin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın regional və beynəlxalq səviyyədə qazandığı nailiyyətlərdən, o cümlədən ölkənin iqtisadi rifahı və dayanıqlı inkişafından bəhs edir.

Yazıda bildirilir ki, 2011-ci ildə dünyada ikinci ən böyük təşkilat sayılan Qoşulmama Hərəkatına daimi üzv seçilən Azərbaycanın 2019-2022-ci illərdə təsisata sədrliyi dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənib. Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan həm ölkə, həm də beynəlxalq səviyyədə çox böyük uğurlar qazanıb.

Qeyd edilir ki, Azərbaycan xalqı və Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkənin müasir tarixinin ən şanlı səhifəsini yazaraq parlaq Qələbə qazanıb, Ermənistanı məğlub edib və işğala son qoyub.

Həmçinin bildirilir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə qlobal səviyyədə sürətlə inkişaf edən ölkələr sırasındadır.

Yazıda vurğulanır ki, mühüm coğrafi mövqeyə malik Azərbaycan sosial və iqtisadi cəhətdən inkişaf edən ölkədir. Bu ölkə beynəlxalq siyasi mərkəzə və mühüm turizm məkanına çevrilməkdədir.

Məqalədə bu il Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə də toxunulur, tədbirin üzv ölkələrin postpandemiya dövründə bir araya gələrək qarşıda duran çağırışları müzakirə etmələri baxımından mühüm platforma rolunu oynadığı qeyd olunur. Diqqətə çatdırılır ki, Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Hərəkatın pandemiyaya qarşı mübarizəyə verdiyi töhfələrdən, xüsusilə pandemiya ilə mübarizədə üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məlumat bazasının hazırlanmasının vacibliyindən danışıb.

Hilal Əhməd Zirvə görüşündən sonra bir qrup xarici jurnalistlə birlikdə azad edilmiş ərazilərə səfərindən də bəhs edib. Bildirib ki, onlar Ağdam, Füzuli rayonlarında, Şuşa şəhərində və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, həmçinin Azərbaycan hökuməti tərəfindən aparılan bərpa-quruculuq işlərinin şahidi olublar. Onlar ekoaksiyanın keçirildiyi əraziyə gələrək, avtomobillərin oradan sərbəst keçidini də izləyiblər.

Qeyd olunub ki, xarici jurnalistlər, həmçinin Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər.

Jurnalist yazıda Azərbaycan-Pakistan münasibətlərinə də toxunub. Bildirib ki, Pakistan 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub.

Sonda vurğulanıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladıqdan sonra hərəkatın fəaliyyəti daha da aktivləşib. Azərbaycanın Qoşulmama Hərəkatını gücləndirmək və onu fəal beynəlxalq foruma çevirmək səyləri göz qabağındadır. Son illərdə yüksək iqtisadi artıma nail olan Azərbaycan qlobal səviyyədə öz müsbət rolunu fəal şəkildə oynamaqdadır. (AZƏRTAC)

Oxşar xəbərlər