20.10.2024, 04:55
AZ EN
29.03.2023, 18:23 185

Böyük Qayıdışın reallığa çevriləcəyi gün uzaqda deyil

XƏBƏRLƏR
  • İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin həyatında biri-birindən əhəmiyyətli hadisələr yaşanır. Təbii ki, bu, bir tərəfdən yeni reallıqların dünya gücləri tərəfindən qəbul edilərək, Azərbaycanın Ermənistana etdiyi sülh təklifinə dəstəklə, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir. Martın 28-də Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir çağırışı səsləndirdi ki, gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimiz bərpa-quruculuq işlərinə başlanan andan dünyanın diqqətindədir. Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bu ərazilərin bərpasında öz əksini tapmasına səy göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir.

M.Həsənov, həmçinin bildirib: “İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanının tikintisi planlaşdırılır ki, onlardan biri Laçın rayonu ərazisindədir. Artıq 2021-ci ildə Füzuli, ötən il isə Zəngilan Beynəlxalq Hava limanları tikilib istifadəyə verilib. Dövlətimizin başçısı İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istismara veriləcəyini bildirdi. Ümumilikdə Laçın rayonunda bərpa işlərinə tarixi Zəfərimizdən, Laçın şəhərində isə ötən ilin avqustun 26-da başlanılıb. 2022-ci ilin uğurlu hadisələrindən bəhs edərkən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımını qeyd etməliyik”.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqinin işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayan deputat deyib: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

M.Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda yeni təyin olunmuş xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri də açıqladı: “Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin”.

Deputat diqqəti Prezident İlham Əliyevin istər sözügedən qəbulda, istərsə də martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri zamanı Azərbaycan xalqına müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarına da yönəldib: “Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”.

Deputat belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan yeni reallıqların müəllifi olaraq onlardan irəli gələn hər bir vəzifəni ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil.("AZERTAC")

Oxşar xəbərlər